İqtisadi böhran, siyasi xaos Ermənistanın iflasını sürətləndirir

Sarkisyan-Koçaryan koalisiyasının revanş istəyi işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirir

A- A A+

İqtisadiyyatı zəif olan Ermənistan yeni böyük problemlərlə üzləşməkdədir. Buna əsas səbəb son vaxtlar pandemiya fonunda dünya iqtisadiyyatında yaranan və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərməsidir.

Qeyd olunur ki, car ilin 6 ayı işğalçı ölkə üçün daha çox tənəzzül, iqtisadi geriləmə, siyasi ziddiyyətlərin dərinləşməsi, korrupsiya və rüşvətxorluğun miqyasının genişlənməsi ilə xarakterizə olunub. Ermənistan iqtisadiyyatının tamamilə iflasa uğramasını statistik göstəricilər də təsdiqləyir. 2020-ci ilin əvvəlindən bəri işğalçı ölkədə çoxsaylı iri müəssisənin müflis olduğu açıqlanıb.

Kənd təsərrüfatı və sənayedə geriləmə müşahidə olunur. Araşdırmalar göstərir ki, vəziyyət belə davam edərsə, iqtisadi böhranla üz-üzə qalan Ermənistanda tezliklə sosial partlayış olacaq. Bunun əsas səbəblərindən biri də işğalçılıq siyasətindən əl çəkməyən hakim rejimin ölkəni uçuruma aparmasıdır. Yekunda yoxsulluq səviyyəsi bir qədər də artıb və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir.

İqtisadi tənəzzülün davam etməsi ilə yanaşı, Paşinyan hakimiyyətinin reytinqi də sıfıra yaxınlaşır. İndiki vəziyyətdə Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirərək sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemlərin aradan qaldırılması üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması isə hakimiyyətlə xalq arasında qarşıdurmanı gücləndirir.

Belə vəziyyətdə çıxış yolu kimi Ermənistandan mühacirət edənlərin sayı da artıb. Bu artmaya, ilk növbədə, iqtisadi-sosial problemlər, işsizlik, əməkhaqqının azlığı, ixtisas üzrə iş tapmaq və bizneslə məşğul olmağın mümkünsüzlüyü təsir edir. Müxtəlif qurumlar tərəfindən keçirilən sorğuya əsasən, respondentlərin dörddə üçü miqrasiyanın artmasına, həmçinin ölkədə korrupsiya, məhkəmə sistemi, ədalətsizlik səbəbindən yaranmış vəziyyətin təsir göstərdiyini bildirir. Hətta rəsmi məlumata görə, Ermənistanda miqrasiya templəri son iki ildən bəri daha da artıb.

Ermənistandan qısamüddətli mövsüm işlərinə yollanan mühacirlərin 95-96 faizi və uzunmüddətli tərk edənlərin 75-76 faizi Rusiyaya üz tutur. Hökumət isə vəziyyətdən çıxış yolu üçün heç bir addım atmır. Ölkəni tərk edənlərin əksəriyyəti isə birdəfəlik gedənlərdir və ailələrini də özləri ilə aparırlar. Bu, Ermənistana xaricdən göndərilən pulların ifadəsində də özünü göstərir. Belə ki, əksəriyyət ailəsini özü ilə apardığından daha Ermənistana pul göndərmir. Daxil olan pulların azalması isə Ermənistanda daha ağır iqtisadi durum yaradır. Çünki ölkə iqtisadiyyatı hələ də xeyli dərəcədə pul transfertlərindən asılıdır.

Pandemiya fonunda sosial narazılıqlardan istifadə edən Sarkisyan-Koçaryan tərəfdarlarının revanş istəyi vəziyyəti daha da qarışdıra bilər. Ermənistanın "İravunk” qəzeti yazır ki, ölkənin daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir.

Etibarlı mənbələrə istinad edən qəzet bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin baş nazir Nikol Paşinyana qarşı ciddi işə keçməməsinin səbəbi hökumətin daha çox səhvlər buraxmasını və hakimiyyətdə olduğu iki il müddətində verdiyi vədlərin əksinə olaraq, dövlətin borcunu 8 milyard dollara yaxınlaşdıran baş nazirə ilin sonunda sarsıdıcı sürpriz etməyə hazırlaşmaları ilə əlaqədardır.

Müxalif cəbhədə birləşib bu sürprizə hazırlaşanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar Partiyası yox, həm də Robert Koçaryanın komandası və yeni hökumətin gəlməsindən sonra narazı qalan oliqarxlardır: "Əgər koronavirus pandemiyası fonunda bərbad vəziyyətə düşən sosial-iqtisadi həyatda az da olsa nəzərəçarpan nəticələr olmasa, onda Nikol Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirməyə başlayacaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri - söhbət təkcə Respublikaçılardan yox, həm də Koçaryan qanadından gedir - ilin sonunda Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı format və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir”. Xatırladaq ki, bu günlərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan keçirdiyi mətbuat konfransında 2016-cı ilin aprel müharibəsində erməni ordusunun "qalib gəldiyi” barədə sərsəm açıqlamalar vermişdi. Baş nazir Paşinyanın "Mənim addımım” Partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan mətbuata verdiyi açıqlamasında bu "qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib.

Xaçatryan vurğulayıb ki, bunu müdafiə sahəsindəki keçmiş və indiki məmurlar parlament istintaq komissiyasına təsdiq ediblər: "Parlament komissiyasının sədri Andranik Koçaryan 20-dən çox mövqenin itirilməsi barədə keçmiş və indiki hərbçilərin ifadələrinə əsasən danışıb. Yəni o, həmin rəqəmi elə-belə səsləndirməyib, bu haqda komissiyaya dəvət olunmuş adamlar danışıblar, komissiyanın işinin nəticəsində həmin rəqəm ortaya çıxıb. Bəli, mən də təsdiq edirəm ki, 20-dən çox mövqe Azərbaycanın əlində qalıb, həmin mövqelər arasında elələri var ki, strateji əhəmiyyət daşıyır. Düzgün mövqe budur ki, əgər biz daha bir neçə qələbə əldə eləsək, Stepanakerti (Xankəndi, - red.) itirəcəyik. Əgər hər qələbəni biz ərazi itkiləri hesabına əldə etsək, deməli, düzgün istiqamətdə deyilik”.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: