Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar yeni qaydalar təqdim edib. Həmin qaydalar koronavirusa yoluxmadan müdafiə olunmaq üçün 12 yaşdan yuxarı yeniyetmələrə də maskadan istifadə tövsiyə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan qaydalar toplusunda 12 yaşdan yuxarı uşaq və yeniyetmələrin infeksiyaya yoluxma ehtimalının yüksək olduğu region və situasiyalarda böyüklərlə eyni şəkildə davranmalı olduqları əksini tapıb.
Qaydalar toplusunda virusun yayılmasında uşaqların daşıyıcı kimi rolu barəsində mübahisələrin olduğu da qeyd edilib. Bildirilib ki, böyüklərlə müqayisədə azyaşlı uşaqlar üçün virusun daha az yoluxucu olmasına dair çoxsaylı müşahidələr mövcuddur. Bununla belə ÜST hesab edir ki, azyaşlı uşaqlardan fərqli olaraq, yeniyetmələr koronavirusun yayılmasında aktiv rol oynayırlar.
ÜST və UNICEF-in birgə qaydalarında, həmçinin beş yaşadək uşaqların maskadan istifadə etməsi tövsiyə olunmayıb. Qeyd edilib ki, bu, eyni zamanda azyaşlıların ümumi maraq və təhlükəsizliyinə də uyğun gəlir. Eləcə də fiziki və əqli qüsura malik uşaqların maska öhdəliyindən azad edilməsi məsləhət görülüb.
Qaydalar toplusunda 6-11 yaşlı uşaqlar üçün maskadan istifadə pandemiyanın ağır zərbə vurduğu regionlarda və ya risk qrupları ilə təmas zamanı məqsədəuyğun hesab olunur. Bu zaman uşaqlara nəzarət edən bir şəxs onların maskadan düzgün və təhlükəsiz istifadəsini təmin etməlidir.