Paşinyanın reytinqi sıfıra yaxınlaşır

A- A A+

Ermənistanda pandemiya fonunda yaranmış sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu dərinləşdirir.

Son dövrlərdə daha böyük problemlərə düçar olan, sosial-iqtisadi sahədə pandemiya fonunda daha çətin günlər yaşayan Ermənistanda siyasi vəziyyət getdikcə daha gərgin xarakter almağa başlayıb. Hakimiyyət əleyhinə yönələn etirazların sayının artması və artıq Nikol Paşinyanın istefasının əsas tələb kimi qoyulması mövcud iqtidarın durumunu xeyli ağırlaşdırır. Ölkədə ictimai gərginliyin yüksələn xətt üzrə inkişaf etməsi Ermənistanda hər an iqtidarın inqilabi yolla devrilməsini istisna etmir.

Qeyd olunur ki, Ermənistanda cari ilin son 8 ayında iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb və bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. İqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi də sıfıra yaxınlaşır.

İndiki vəziyyətdə Ermənistanda dərin sosial-iqtisadi tənəzzül hakimiyyətlə xalq arasında uçurumu genişləndirməklə yanaşı, sosial gərginliyi də yüksəldir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi, iqtisadi resurslara malik olmaması isə hakimiyyətlə xalq arasında qarşıdurmanı gücləndirir.

Elə bu səbəbdən hakimiyyətin xalq tərəfindən devrilməsi və bunun yaxın tezlikdə baş verməsi qaçılmaz sayılır.

Hazırkı hakimiyyət isə ölkədə mövcud etirazları səngitmək üçün diqqəti müxtəlif istiqamətlərə yönəldir. Bu gün ən çox diqqətçəkən məqamlardan biri sabiq prezident Serj Sarkisyan komandasında təmsil olunmuş şəxslərə, onların yaxınlarına qarşı həyata keçirilən kampaniya, repressiyadır. Belə görünür ki, baş nazir Nikol Paşinyan, sadəcə, bu addımlar hesabına pandemiya dövründə cəmiyyətdə özünə dəstək əldə etməyə çalışır. Çünki digər müstəvilərdə o, cəmiyyətin dəstəyini əldə etmək üçün hansısa addım atmaqda acizdir və malik olduğu resurslar da buna imkan vermir.

İqtisadiyyat bərbad vəziyyətdədir, iş yerləri kəskin şəkildə çatışmır, yenilərini isə yaratmağa imkan yoxdur. Həmişə olduğu kimi, camaat gözünü dikib diasporun və xarici ianəverənlərin əlinə, amma onlar da indi üz döndəriblər. Ona görə ki, bu ölkəyə pul bağışlamağın əhəmiyyəti yoxdur. Verdikcə, yenə istəyir və sonda tələb etməyə başlayır, sanki xaricdəkilərin və xaricilərin bunlara borcu var. Hakimiyyət mənsubları o qədər verilən ianələri oğurlayıb, yaxud səmərəsiz şəkildə istifadə ediblər ki, daha heç kim onların ah-naləsinə inanmır. Xalq isə karantin dövründə iş və çörək tələb edir. Paşinyan isə bunları xalqa verməkdə acizdir və bu səbəbdən yeni həbslər planlaşdırmaqla xalqın diqqətini sosial problemlərdən yayındırmağı düşünür.

Bütün bunlarla yanaşı, Ermənistanda silahlı qüvvələrdə böyük problemlər qeydə alınmaqdadır. İşğalçı ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından yenə ciddi çətinliklər yaşayır. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı da sürətlə pisləşməkdə davam edir.

Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması yenə adi xarakter daşıyır. Belə vəziyyətdə ordudan yayınanların sayının artması bu xüsusda qaldırılan cinayət işlərinin də sayını çoxaldır. Artıq bu vəziyyət hökuməti də ciddi narahat edir. Qeyd olunur ki, hazırda 27-35 yaş arası 4000-dən çox vətəndaşın orduda xidmətdən yayındıqlarına görə axtarışda olduqlarını bildirmişdi. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.

Görünən odur ki, hazırda işğalçı ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri pandemiya dövründə yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir.

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: