ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Qida və Dərmanların Keyfiyyətinə Nəzarət üzrə İdarəsi koronavirusa yoluxan pasientlərin müalicəsində COVID-19 xəstəliyindən sağalan insanların qan plazmasından istifadə etmək üçün təcili icazə verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qurumun yayımladığı məlumatda deyilir.
“Qida və Dərmanların Keyfiyyətinə Nəzarət üzrə İdarə COVID-19 infeksiyasının müalicəsi üçün eksperimental metod çərçivəsində xəstəlikdən sağalan insanların qan plazmasının koronavirusa yoluxan pasientlərə vurulması üçün təcili icazə verib”, - deyə sənəddə bildirilir.
Qurum bu metodun effektiv olacağı və onun məlum olan potensial müsbət təsirlərinin potensial riskləri üstələdiyi qənaətinə gəldiyini vurğulayır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, ABŞ-da koronavirusa 5 milyon 874 min 146 yoluxma və 180 min 604 ölüm faktı qeydə alınıb, 3 milyon 167 min 63 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.