Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra açıqlama verib.
Türkiyənin dövlət başçısı avqustun 23-də Girəsun bölgəsində insan fəlakəti ilə nəticələnmiş sel və daşqınların yaratdığı problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, təbii fəlakət bölgəsində dağıntı və zədələr bərpa olunacaq.
Ölkənin daxili ehtiyatlar hesabına enerji ehtiyacını ödəmək üçün bütün imkanların səfərbər olunduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan deyib ki, Qara dənizdəki milli sektorda “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatının aşkarlanması bu sahədə yüksəliş üçün böyük imkanlar yaradır. Qara dənizdə olduğu kimi, Aralıq dənizində də karbohidrogen yataqların aşkar edilməsi ehtimalı böyükdür. Tapılan və aşkarlanması gözlənilən digər yataqlar Türkiyə iqtisadiyyatının bütün sahələrinin inkişafına, eləcə də xalqın rifahının daha da yaxşılaşmasına kömək edəcək.
Faktlar və məntiqi mülahizələrlə Avropa İttifaqının Türkiyənin öz sırasına qəbul etmək niyyətində olmadığını ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarının Avropa ölkələri tərəfindən dəstəklənməsinin, eləcə də ikili standartlar siyasətinin yolverilməz olduğunu vurğulayıb.
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizə və ölkədəki vəziyyətdən söz açan dövlət başçısı əhaliyə müraciət edərək hər kəsi təmizliyə, maska taxmağa və sosial məsafə saxlamağa çağırıb.
Prezident Rəcəb Tayyib Ərdoğan “Siqaret təhdid ünsürləri arasında yer alır”, - deyərək insanları bu pis vərdişdən əl çəkməyə səsləyib.