Paşinyanın növbəti uğursuz avantürası
Ermənistanın diversiya qrupunun komandirinin əsir götürülməsi işğalçı ölkənin daha bir təxribata hazırlaşdığını göstərdi
Ermənistanın baş naziri Nikol Paşinyan bütün imkanlardan istifadə edib, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir.
Bir neçə gün öncə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərməsi bir daha işğalçı ölkənin nəinki danışıqlar aparmağa, tam əksinə, vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürülüb.
Diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar, şəxsi əşyalar aşkarlanıb və ictimaiyyətə təqdim edilib. Bu, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir.
Qeyd edək ki, Alberyan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanmış yeganə əsir deyil. Xatırladaq ki, Ermənistanın Azərbaycan Respublikasına qarşı terror, diversiya və sabotaj törətmək üçün həyata keçirdiyi əməliyyatlar zamanı saxlanılmış Ermənistan ordusunun hərbi qulluqçularından biri də Arsen Baqdasaryan olmuşdu. Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan bu ölkə tərəfindən işğal altında saxlanılan Azərbaycanın Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 49971 saylı hərbi hissəsində müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, ölkəmizin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.
Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas” tipli piyada əleyhinə minalardan 3-nü Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
A.Baqdasaryan Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın etmiş, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd etmişdir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Daha bir əsir isə 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində təmas xəttini keçməyə cəhd göstərən Ğazaryan Karendir. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən kəşfiyyat-diversiya qrupunun bir üzvü - Ğazaryan Karen saxlanılıb.
K.Ğazaryan qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə, sifarişlə iki və daha çox şəxsi terrorçuluq və milli ədavət zəminində düşmənçilik niyyəti ilə qəsdən öldürməyə cəhd göstərmiş, bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməyə, həmin silah sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa çalışmış, habelə casusluq törətmişdir. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27.02.2019-cu il tarixli hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib. K.Ğazaryan 27.03.2019-cu il tarixdən müvafiq cəzaçəkmə müəssisəsində cəza çəkir.
Ümumiyyətlə, son iki ayda cəbhədə baş verən hadisələr ordumuzun gücünü, hər an torpaqları işğaldan azad etmək iqtidarında olduğunu, Azərbaycan əsgərinin qəhrəman obrazını növbəti dəfə nümayiş etdirdi. Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verərək nəyə qadir olduğunu göstərdi. Düşmənə aydın oldu ki, Azərbaycan Ordusu döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.
Digər mühüm nəticə Azərbaycan və Ermənistan cəmiyyətləri arasında üzə çıxan fərqlə bağlıdır. Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşdən sonra ölkəmizdə müvafiq dövlət qurumları, ölkə ictimaiyyəti ən yüksək səviyyədə həmrəylik nümayiş etdirdi. Şəhidlərimiz yüksək ehtiramla son mənzilə yola salındı. Halbuki, çoxsaylı itkilərini cəmiyyətdən gizlədən Ermənistan hakimiyyəti bunun əksini etdi. Ermənistan rəhbərliyi cəbhədəki ağır itkilərin sayını və cəsədləri gizlətməklə öz vətəndaşına və hərbçisinə zərrə qədər də hörmət etmədiyini göstərdi. Son təxribat nəticəsində də Ermənistan tərəfindən yaralananların və ölənlərin olduğu bildirilir. Ermənistan hakimiyyəti yenə də bununla bağlı məlumatı gizlətməyə çalışır.
Cəbhədə gedən döyüşlərdə xəsarət alanlara da münasibət fərqlidir. Ölkəmizdə bu qəbildən olan insanlara yüksək ehtiram olduğu halda, Ermənistanda bunun tamam əksidir. Məlum olub ki, ötən ay cəbhədə gedən döyüşlərdə Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən ümidlərini kəsiblər. Bu günlərdə sosial şəbəkələrdə daha bir erməni döyüşçünün düçar olduğu acınacaqlı vəziyyətlə bağlı paylaşmalar yayılıb. Sosial şəbəkə istifadəçisi olan keçmiş döyüşçü David Kaqramanyanın üzləşdiyi çətinliklərlə bağlı yazdığı məlumatlar ictimaiyyət tərəfindən qəzəb və narazılıqla qarşılanıb.
Son təxribatlardakı uğursuzluqlarından söhbət açan D.Kaqramanyan yazır: "İyul ayında minaatan zərbəsindən yaralanandan sonra yüksəkvəzifəli şəxslərin xəstəxanada mənə baş çəkməsindən, boş qürur hissindən başqa heç nə əldə edə bilməmişəm. Dövlət tərəfindən mənə heç bir dəstək verilmir. Qalmışam Tanrının və qohumların ümidinə. Apardığım statistikaya əsasən, təkcə mənim döyüşdüyüm postda 11 ölü və 23 yaralı olub. İtkilərimizin çox olmasının səbəbi sıradan çıxmış, köhnə texnika oldu. İşlək olanların çoxu isə məhv edildi”.
Hər şeydən əvvəl, həm yalan informasiyanın məzmunu, həm də rəsmi Yerevanın bununla bağlı yaratmaq istədiyi siyasi-ideoloji şou göstərir ki, Ermənistan rəhbərliyini narahat edən ciddi məsələlər vardır. Onlar, əslində, çoxdan məlumdur. Sadəcə, növbəti dəfə sübut olunur ki, Ermənistan siyasi maskasını çıxarmaq fikrində deyil və əvvəlki zamanlarda olduğu kimi, təcavüzünə davam etmək üçün min hiyləyə və yalana əl atır.
Məsələnin əsas aspektlərindən biri Azərbaycana qarşı təxribatın məhz Ermənistanın müdafiə naziri David Tanoyanın "Armiya-2020” hərbi-texniki forumda iştirak etmək üçün Moskvaya səfəri zamanı baş verməsidir. Bütün bunlara paralel olaraq Ermənistanın ombudsmanı Arman Tatoyan bəyan edib ki, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. O, beynəlxalq qanunvericiliyə istinad etməzdən və belə bir iddia irəli sürməzdən öncə, məhz Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini köbud şəkildə pozması, girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, azərbaycanlı mülki şəxslərə vəhşicəsinə işgənclər verilməsi barədə danışsaydı, daha obyektiv olardı.
Ötən ay cəbhənin Tovuz rayonu istiqamətində artilleriya qurğularından istifadə etməklə hücüma keçən erməni silahlı qüvvələrinin BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri bir daha kobud şəkildə pozması rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti əyani sübutudur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırkı mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə bu ölkənin rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti cəbhədə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verir.
Qeyd edək ki, pandemiya fonunda Ermənistanda iqtisadi və siyasi baxımdan ağır vəziyyət hökm sürür. Bu dövrdə müharibəyə başlayacağını nümayiş etdirməklə Ermənistan diplomatik durumunu daha da ağırlaşdırdı. Hər kəsə məlumdur ki, Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ölkədə ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Elçin CƏFƏROV
"Azərbaycan” qəzeti