Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində baş verən hadisə bir daha Ermənistanın işğal və terror siyasəti yürütməsini təsdiqlədi. Qeyd edək ki, hərbçilərimizin sayıqlığı, fədakarlığı və peşəkarlığı ilə düşmənin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdinin qarşısı layiqincə alındı. İfşa olunan diversantlar itki verərək geri qaçsalar da, onlara komandirlik edən Qurgen Alaverdyan əsir götürüldü.
Düşmənin diversiya cəhdini təkzib etməsi təəccüb doğurmur.
Bu hadisədən sonra Ermənistan tərəfinin açıqlaması həmişə olduğu kimi ənənəvi yalanlar üzərində quruldu. Guya ki, erməni zabit dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb”. Ermənilər bunu deməklə diversiya faktını təkzib etməyə çalışdı. Əlbəttə, hərbçinin yolu azması mümkündür, amma Qurgen Alaverdyanın üzərindən götürülən hərbi ləvazimatlar yolu azma faktını tamamilə inkar edir. Belə ki, onun üzərindən tapılan əşyalar erməni zabitinin dayaq məntəqəsini yoxlamasından deyil, kəşfiyyat-diversiya tapşırıqlarını yerinə yetirməsindən xəbər verir.
Erməni diversiya-kəşfiyyat qrupunun hərbçilərimiz tərəfindən aşkara çıxarılması və əsir götürülməsi birinci dəfə deyil. Bundan əvvəl də Ermənistanın Azərbaycana qarşı terror, diversiya və sabotaj törətmək cəhdlərinin qarşısı bir neçə dəfə alınıb, bu əməliyyatlar zamanı düşmənin hərbi qulluqçuları əsir götürülüb. Onlardan Arsen Eduardoviç Baqdasaryan diversiya qrupunun digər üzvləri ilə birlikdə 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd "fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Başqa bir erməni diversant Karen Armenoviç Ğazaryan isə 2018-ci il iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində kəşfiyyat-diversiya qrupunun tərkibində təmas xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü Karen Ğazaryan ələ keçib. O, qabaqcadan əlbir olan bir qrup şəxs halında iki və daha çox şəxsi terrorçuluqla və milli ədavət düşmənçilik niyyəti ilə qəsdən öldürməyə cəhd göstərib. Bu məqsədlə odlu silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirməyə, həmin silah-sursatdan istifadə etməklə ictimai təhlükəsizliyi pozmağa, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayışlar törətməklə insanların həlak olmasına nail olmağa cəhd edib, habelə casusluq hərəkətləri etməyə çalışıb. Məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd etmək lazımdır ki, hər dəfə təxribat qrupunda olan hər hansı bir şəxs Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf onları psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir. Son olaraq əsir götürülən Qurgen Alaverdyan əgər zabit hərbi geyim formasında olmasaydı, sözsüz ki, Ermənistanın müdafiə nazirliyi onu da ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi. Bu baxımdan düşmən ölkənin müvafiq qurumlarının diversiya cəhdi faktını təkzib etməsi təəccüb doğurmur.
Təxribat yenə də erməni hərbçilərinin öz başlarında çatladı
Ümumiyyətlə, Ermənistan tərəfi özünün terrorçu mahiyyətindən irəli gələrək dəfələrlə Azərbaycana qarşı belə diversiya hərəkətləri həyata keçirib. Bu zaman onların hədəfi həm də mülki şəxslər, o cümlədən uşaqlar olub. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, bu ilin iyulunda Tovuzun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizovun qətlə yetirilməsi göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların qətlə yetirilməsi Ermənistanın dövlət siyasətidir.
Cəbhənin Goranboy rayonu istiqamətində baş verən hadisə Ermənistanın Tovuzda aldığı zərbədən sonra Azərbaycana qarşı etdiyi növbəti uğursuz təxribat cəhdidir. Bu hadisə həm də düşmən tərəfindən Tovuz məğlubiyyətinin etirafıdır. Sabotaj, diversiya və terror məqsədi daşıyan bu təxribatın hədəfi onlara ağır zərbə vuran Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin kazarmaları və hərbçiləri olub. Lakin bu dəfə də düşmənin təxribatı öz başında çatladı və nəinki itki verərək geri qaçmağa məcbur oldular, hətta komandirlərini qəhrəman hərbçilərimiz ələ keçirdilər.
Ermənistan tərəfi bu faktı nə qədər təkzib etməyə çalışsa da, komandiri əsir götürülən diversiya qrupunda itkilərin olması qaçılmazdır. Düşmənin ölkənin 2016-cı ilin aprel, 2020-ci ilin Tovuz döyüşlərində olduğu kimi, yenə də ölən və yaralananlar barədə məlumatı gizlətməyə cəhd göstərməsi artıq təəccüb doğurmur.
Hazırda sosial şəbəkələrin erməni seqmentində Azərbaycan Ordusu tərəfindən saxlanılmış Q.Alaverdyanın dəyişdirilməsi ilə bağlı təşəbbüslər irəli sürülür. Adətən düşmən xüsusi tapşırıqlar yerinə yetirən hərbçiləri və ya mülki vətəndaşları üçün bu qədər canfəşanlıq etmir. Bu mənada erməni tərəfinin dəyişdirilmə təklifləri əsir götürülmüş diversantın onlar üçün kifayət qədər əhəmiyyətli şəxs olduğunu aydın göstərir. Ermənistan Müdafiə Nazirliyi adəti üzrə saxlanılan şəxsin statusunu azaltmaq üçün heç bir açıqlama verməyib.
Bu arada Ermənistanın ombudsmanı A.Tatoyanın fikirləri kifayət qədər istehza doğurur. Onun sözlərinə görə, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. Q.Alaverdyan hərbçidir və barəsində Azərbaycan dövləti tərəfindən müvafiq ölçülər götürüləcək. A.Tatoyan isə bu barədə danışmaqdansa, Ermənistanın Cenevrə Konvensiyasının bütün tələblərini köbud şəkildə pozaraq mülki azərbaycanlı şəxsləri - Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ də əsirlikdə saxlamasını və onlara işgəncələr verilməsini yadına salsa, daha yaxşı olar.
Rəşad Cəfərli
"Azərbaycan” qəzeti