Ermənistanda hər 5 nəfərdən biri işsizdir

Həm rəsmi statistika, həm də beynəlxalq hesabatlar işğalçı ölkənin sosial və iqtisadi vəziyyətinin kifayət qədər acınacaqlı olduğunu göstərir

A- A A+

Pandemiya fonunda Ermənistanda sosial-iqtisadi durum getdikcə ağırlaşmaqda, ölkədə yaşanan tənəzzül durmadan genişlənməkdədir.

Bu vəziyyətdə sadə vətəndaşların rifah halı daha da pisləşir ki, bu da ölkədə müşahidə olunan sosial narazılığın daha da artmasına rəvac verir. İndi bu ölkədə insanlar gələcəklərinə nikbin yanaşmır və əvvəlki kimi Ermənistanı tərk etməyə çalışırlar. Yerdə qalanların durumu isə olduqca acınacaqlıdır. Onlar böyük səfalət içində yaşayır, gündəlik ərzaq almağa pul tapmaqda belə çətinlik çəkirlər. Məhz bunun nəticəsidir ki, Ermənistanda əhalinin böyük əksəriyyəti banklara borcludur. Bank faizləri isə kifayət qədər yüksəkdir.

2020-ci ilin ilk yarısının nəticələrinə görə, Ermənistanda makroiqtisadi, eyni zamanda sosial göstəricilərdə kəskin enişlər var. Ermənistanın rəsmi statistikasına görə, bu gün ölkədə hər 4 nəfərdən biri yoxsulluq həddində yaşayır. Beynəlxalq qurumların hesabatlarına görə isə, bu göstərici hər 3 nəfərdən birinə aiddir. Sözügedən ölkənin rəsmi statistikasında hər 5 nəfərdən biri işsizdir. Beynəlxalq hesabatlarda bu rəqəm 25 faizə yaxındır.

Ermənistanın həm rəsmi statistikası, həm də beynəlxalq hesabatlar ölkənin sosial və iqtisadi vəziyyətinin kifayət qədər acınacaqlı olduğunu göstərir. Qeyd olunur ki, cari ilin birinci yarısında Ermənistanda ümumi daxili məhsul istehsalı 13.7 faiz azalıb. Son altı ayda ÜDM-də 5.7 faiz azalma var. Ekspertlər ilin sonuna kimi bu rəqəmin daha da artacağını ehtimal edirlər.

"4rd.am” saytı yazır ki, baş nazir Paşinyanın iqtisadi proqramı zəif və populistdir. O, mikroskopik erməni bazarının demonopolizasiyasından, kölgə iqtisadiyyatıyla mübarizədən və sairədən danışır. Ermənistanın saxlanılmasına mənbə kimi isə o, yenə də strateji tərəfdaşlarını görür: "Aktiv şəkildə varlı diasporu ölkəyə cəlb etmək Qərbə doğru getmək deməkdir. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və həm də Ermənistanın sonu deməkdir. Paşinyan iqtisadiyyata yeni heç nə gətirmir. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Digər tərəfdən, Paşinyan başqa ölkələrdən pul gətirib, vətəndaşları yemləyəcəyini deyir, lakin hələ də bəlli deyil ki, onlar niyə Ermənistana bu pulları verməlidirlər”.

Vurğulanır ki, koronavirus pandemiyası fonunda Paşinyanın proqramı Ermənistanı blokadadan və təcriddən çıxarmayan, indiki siyasi mövqeyini qoruyub saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Qarşıdakı dövr ərzində Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhvali-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.

Ermənistanda əhali arasında aparılan sosioloji sorğular nəticəsində məlum olur ki, insanlar iki il öncə baş vermiş dəyişikliklərdə "həlledici” rol oynadığından yeni baş nazir, ilk növbədə, onların problemlərini həll etməlidir. İrəli sürülən tələblər haqlı tələblərdir, lakin bunların yerinə yetirilməsində dövlət acizdir. Ona görə ki, iqtisadi resurslardan məhrumdur. Bu səbəbdən ölkədə başlanmış xaos vəziyyəti getdikcə dərinləşir.

Bu durumda o da məlum olub ki, Ermənistanın xaricdən iqtisadi asılılığı da artacaq. Çünki Ermənistan hakimiyyəti koronavirusla əlaqədar dövlət büdcəsində müəyyən dəyişikliklər etmək qərarına gəlib. Xatırladaq ki, Ermənistan parlamentinin növbədənkənar iclasında çıxışı zamanı maliyyə naziri Atom Cancuqazyan Ermənistanda iqtisadi tənəzzülün 2 faiz olacağını demişdi. O, Rusiyadan və digər ölkələrdən Ermənistana transfertlərin kəsiləcəyini, turizm və xidmət sferasının güclü zərər görəcəyini, ixracatın və investisiyaların azalacağını bildirmişdi. Nazir büdcənin itkilərinin 324 milyard dram və ya 672 milyon dollar təşkil edəcəyini, dövlət borcunun daha 150 milyard dram və ya 313 milyon dollar artırılacağını söyləmişdi.

Erməni iqtisadçı ekspert Tadevos Avetisyan bununla bağlı bildirmişdi ki, vəziyyət sürətlə pisləşir: "Ermənistanın dövlət borcu böyüyür və hələ daha da böyüyə bilər, hər şey koronavirus pandemiyasının nə qədər davam edəcəyindən asılıdır. 2020-ci il üçün planlaşdırılmış Ermənistanın dövlət büdcəsi təhlükə altındadır, vergilər azalıb, xərclər isə artıb. Bu vəziyyətdə Ermənistan hökuməti dövlət büdcəsində bəzi dəyişikliklər etmək təklifi ilə çıxış edib. Bundan sonra nə olacağı sualının cavabı koronavirusun nə zaman bitəcəyi sualının naməlum cavabından asılıdır. Əgər vəziyyət bu cür ssenari ilə davam etsə və koronavirusla əlaqədar iqtisadi məhdudiyyətlər ən azı üçüncü rübə qədər davam etsə, onda biz planlaşdırılmış 260 milyard dram astananın keçidinə sahib olacağıq”.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: