Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunub - FOTOLAR
Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunub. Türkiyə Respublikasının qurucusu, qazi Mustafa Kamal Atatürkün liderliyi ilə başlanan milli qurtuluş savaşının 98-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib. Küçə və meydanlar bayramsayağı bəzədilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram münasibətlə Prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət nümayəndələrindən ibarət rəsmi heyətlə birlikdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edib.
Anıtqəbr önünə əklil qoyulub, Türkiyənin dövlət himni səsləndirilib.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbir xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələri paytaxt Ankaranın küçə və meydanlarında hərbi keçidlər təşkil edib. Türkiyə bayrağı ilə bəzədilən gəmilər boğazlardan sıralı keçid ediblər.
İstanbulun Taksim meydanındakı İstiqlal abidəsinin qarşısında da bayram ziyarəti təşkil olunub. Bundan başqa, İstanbulda Zəfər günü şərəfinə köhnə maşınlardan ibarət avtoyürüş keçirilib.
Ankarada Prezident Administrasiyasında təşkil olunan bayram konsertində Türkiyənin milli musiqiləri, o cümlədən mehtər marşı ifa olunub.
Prezident Administrasiyasında (PA) İctimai Əlaqələr İdarəsinin layihəsi əsasında PA-nın səmasında 300 pilotsuz aparatın iştirakı ilə uçuşlar nümayiş olunub. Dövlət bayrağının üstündəki ay-ulduzu, Atatürkün rəsmini yaradan aparatlar “30 avqust”, “Zəfər bayramı” və digər birlik və həmrəylik yazıları ilə mavi səmada qürurlu mənzərə yaradıblar.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası riski səbəbindən Zəfər bayramının 98-ci ildönümü münasibətilə təşkil olunan mərasimlərə xeyli məhdudiyyətlər tətbiq olunub. Maskasız insanlar kütləvi tədbirlərə, o cümlədən Anıtqəbir məkanına buraxılmayıblar. Sosial məsafənin qorunması bütün məkanlarda ciddi tələb olunub.