Yaponiyada “SkyDrive” şirkətinin hazırladığı göyərtəsində pilotun olduğu uçan avtomobilin uğurlu sınaqları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadən xəbər verir ki, layihə rəhbəri Tomoxiro Fukudzavanın sözlərinə görə, havada 5-10 dəqiqə ərzində qalan avtomobil testlər zamanı səmada 4 dəqiqə keçirib. Sınaq yeri xüsusi torla əhatəyə alınıb.
Məlumata görə, “SD-03” uçan avtomobilinin hərəkət sürəti saatda bir neçə kilometr təşkil edir. Tərtibatçılar onun sürətini və uçuş vaxtını artırmağa çalışırlar. Layihə rəhbəri ümid edir ki, avtomobilin 2023-cü ildə seriyalı istehsalına başlanılacaq. Lakin əvvəlcə təhlükəsizliklə bağlı problemlər həllini tapmalıdır.
“SkyDrive” şirkətinin layihəsi uçan avtomobillərin istehsalı ilə əlaqədar bütün layihələr arasında ən uğurlusudur. Gələcəkdə insanlar belə avtomobilləri pilot lisenziyasına malik olmadan idarə edə biləcəklər. Aparatın enməsi və startı üçün xüsusi meydançalar tələb olunmur. Uçan avtomobillər aeroportlarda tıxacla bağlı problemləri aradan qaldırmağa kömək edəcəklər.