ABŞ biznesmeni İlon Mask “Bloomberg”in dünyanın ən zəngin insanlarına dair hazırladığı siyahıda üçüncü yerdədir.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, o, müvafiq göstəriciyə görə, “Facebook” şirkətinin əsasını qoymuş Mark Sukerberqi geri qoyub.
Ekspertlərin dəyərləndirmələrinə görə, “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Maskın sərvəti 111,3 milyard dolları keçib. O, aktivlərinin məbləği 110,5 milyard dollar olan Mark Sukerberqdən irəlidədir. Siyahıda ikinci yerdə “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts (125 milyard dollar), birinci yerdə isə “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos (200 milyard dollar) qərarlaşıb.
“Bloomberg” vurğulayır ki, İlon Maskın sərvəti əsasən “Tesla”nın aksiyalarının qiymətinin qalxması ilə əlaqədar artıb.
2003-cü ildə yaradılmış şirkət əvvəlcə “Tesla Motors”, sonralar isə “Tesla” adlandırılıb. Şirkət fəaliyyətə başlayarkan yalnız elektromobil istehsal edirdi. Sonralar günəş batareyalarının yaradılması və enerjiyə qənaət edən digər sistemlərin istehsalı ilə də məşğul olmağa başlayıb.