ABŞ-ın Kiprin yunan tərəfində tətbiq olunmuş silah embarqosunu aradan qaldırmaq qərarı adadakı iki xalq arasında bərabərliyi nəzərə almamaq deməkdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibətinə dair açıqlamasında əksini tapıb.
Açıqlamada bildirilir ki, şübhəsiz, bu qərar Kipr məsələsinin həlli istiqamətindəki səylərə mənfi təsir göstərəcək. Şərqi Aralıq dənizində gərginliyin azaldılması üçün cəhdlərin edildiyi bir vaxtda ABŞ-ın bölgədə sülhü və sabitliyi pozan qərarı müttəfiqliyimizin ruhuna ziddir.
ABŞ-dan bu qərarı yenidən nəzərdən keçirərək bölgədə sülh və sabitlik naminə mövcud səylərə dəstək verməsi gözlənilir. Əks halda, Türkiyə zamin duran tərəf olaraq hüquqi və tarixi məsuliyyətə uyğun şəkildə Kipr türklərinin təhlükəsizliyini qorumaq üçün zəruri addımlar atacaq.