“Apple” və “Google” şirkətləri COVID-19-a potensial yoluxma barədə bildiriş üçün mobil əlavələr yaradıblar
Sentyabrın 1-də “Apple” və “Google” şirkətlərinin nümayəndələri koronoviruslu xəstələrlə təmasların izlənilməsi sisteminin yaradılması barədə elan ediblər. Bu sistem telefona mobil tətbiq kimi yüklənəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu şirkətlərin təmsilçiləri COVID-19 koronavirusuna yoluxma barədə bildiriş funksiyasının telefonlara növbəti yenilənmələr zamanı əlavə ediləcəyini, lakin istifadəçilərin bundan imtina etmək hüququna malik olduqlarını bildiriblər.
Telefonların bir-biri ilə yanaşı olduqları vaxtı izləməkdən ötrü sistem “Bluetooth” texnologiyasından istifadə edir. Əgər proqrama qoşulan istifadəçi COVID-19-a müsbət nəticə alırsa və bu məlumatı öz telefonuna qeyd edirsə, o halda uzun müddət ərzində bilavasitə yaxınlığında olan hər kəsi avtomatik olaraq bu barədə məlumatlandırır.
Müvafiq bildirişi yalnız telefonlarında bu mobil tətbiqin fəaliyyət göstərməsinə razılıq verən istifadəçilər ala biləcəklər. Şirkətlər bildirirlər ki, təmasların izlənilməsi anonim olacaq və istifadəçinin olduğu yer qeyd edilməyəcək. Lakin məxfilik üzrə ekspertlər istifadəçilərin məlumatının nə dərəcədə təhlükəsiz olacağından narahatlıqlarını bildiriblər.