Paşinyanın pandemiyaya qarşı mübarizəsi iflasa uğrayıb

Ermənistan hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada liderdir

A- A A+

Ermənistanda pandemiya səbəbindən getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün daha əlavə problemlərə yol açmaqdadır. Bu ölkədə sosial-iqtisadi durum koronavirus ucbatından daha sürətlə pisləşməkdədir.

Baş nazir Nikol Paşinyanın Ermənistanda fövqəladə vəziyyət rejimini növbəti dəfə də uzadacağını bildirirlər. Lakin ölkədə bir çox açıqfikirli erməni siyasətçiləri fövqəladə vəziyyət rejiminin artıq neçənci dəfə uzadılmasına baxmayaraq, epidemioloji baxımdan bunun praktik olaraq heç bir effekt vermədiyini vurğulayırlar. Reallıq budur ki, Paşinyan səlahiyyətlilərinin gördüyü "qabaqlayıcı tədbirlər”ə baxmayaraq, ölkədə virusun yayılması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.

Hazırda Ermənistanda virusa yoluxanların sayı 45 mini keçir. Pandemiya qurbanlarının ümumi sayı 900-ü ötüb.

"Statista.com” portalı Ermənistanın hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada lider olduğunu açıqlayıb. Belə ki, Ermənistanda hər yüz min adama düşən xəstələrin sayı 1490.16-dır.

Səhiyyə təşkilatçısı, həkim Gevorq Qriqoryan yerli mətbuata müsahibəsində ölkəsinin hər yüz min adama düşən koronavirus xəstələrinin sayına görə Avropada birinci yerdə olmasını rüsvayçılıq adlandırıb. Qeyd edib ki, hökumətin virusa qarşı mübarizəsi tamamilə iflasa uğrayıb: "Koronavirusla mübarizənin tam iflasa uğradığı haqda mən hələ aprelin ortalarında, fövqəladə vəziyyət rejiminin uzadılmasına baxmayaraq, yoluxanların sayının artmaqda olduğu vaxtlarda danışmışdım. Bizim hökumətin koronavirusla mübarizəsinin iflasa uğraması faktdır, müzakirə olunmur. Problem odur ki, biz səhiyyə sistemimizlə birlikdə beynəlxalq ictimaiyyət qarşısında biabır olmuşuq”.

Səhiyyə eksperti əlavə edib ki, Ermənistan dörd qonşusundan ikisi ilə sərhədlərinin bağlı olduğu halda öz sərhədlərini koronavirusdan qoruya bilməyib, eyni zamanda virusun bu cür geniş yayılmasının qarşısını almaqda aciz qalıb. Onun sözlərinə görə, virusa qarşı mübarizə tədbirlərini hələ yanvar ayında, Ümumdünya Səhiyyə Təşkilatı virusun insandan insana ötürüldüyü barədə bəyanatından dərhal sonra görmək, sərhədləri bağlamaq, ölkəyə qayıdan turistləri karantində yerləşdirmək lazım idi.

Bildirib ki, Ermənistan səhiyyə sisteminin rəhbərləri başda nazir Arsen Torosyan, xəstəliklərə nəzarət və profilaktika üzrə Milli mərkəzin rəhbərliyi olmaqla birbaşa efirdə bildirdilər ki, karantin effektiv deyil, sərhədləri bağlamaq düzgün deyil və s. Onlar öz addımları ilə virusun ölkəyə keçməsi ilə mübarizəni iflasa uğratdılar. Həkim baş nazir Paşinyanın hərəkətlərini də xatırladıb. Deyib ki, ölkə rəhbəri virusla mübarizə tədbirləri görmək əvəzinə həmin vaxt təbliğat kampaniyası aparırdı və koronavirusa evdə çəkilmiş araqla qalib gəlməyin mümkünlüyü haqda danışırdı.

"4rd.am” saytı yazır ki, bir çox ölkələrdə olduğu kimi, Ermənistanda da baha qiymətə satılmağına baxmayaraq, xalqdan maska taxmaq tələb edilir. Bu qanunu pozanlar isə 10 min dram cərimə olunurlar. Lakin maraqlı da olsa, sadə ermənilər üçün bu qədər ağrılı cəriməolunmalara baxmayaraq, statistika ölkədə qayda pozuntularının sayının hər gün çoxaldığını bildirir. "Əgər bir ay əvvəl gündəlik 1000-1500 pozuntu hadisəsi qeydə alınırdısa, indi bu göstərici 2500-2800 arasında dəyişir. Yəni cəzalar, əslində, maska taxmaq intizamını, ümumiyyətlə, artırmır”. Politoloq Artur Atayev isə vəziyyəti şərh edərək bildirirdi ki, Ermənistan hakimiyyətinin inamsız hərəkətləri etiraz əhvali-ruhiyyəsinin güclənməsinə gətirib çıxara bilər. Vurğulayırdı ki, Paşinyan hökumətinin reytinqi karantinə qədər də düşürdü, indi də düşür. Bunun hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Yaxın gələcəkdə etiraz aksiyaları başlanmasını istisna etmirəm. Bir sıra siyasi qüvvələr, ilk növbədə, vaxtilə Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməmiş adamlar bu vəziyyətdən istifadə etməyə hazırdırlar. Ambisiyalı gənclər tezliklə vəziyyəti daha da qızışdıra bilərlər.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: