Pandemiya Paşinyan üçün böyük təhdidə çevrilib

Ermənistanın koronavirusla bağlı vəziyyəti düzgün qiymətləndirməməsi işğalçı ölkəni uçuruma yuvarladıb

A- A A+

Koronavirus pandemiyasının genişlənməsi ilə Ermənistanda sosial-iqtisadi durum daha da pisləşməkdədir. Baş nazir Nikol Paşinyanın hakimiyyəti zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşıb. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini ən geridə qalmış ölkələrlə müqayisə edir. Beynəlxalq Valyuta Fondu isə bu ölkənin dövlət borcunun artacağını proqnozlaşdırır.

Ermənistanda şiddətlənən koronavirus pandemiyası Nikol Paşinyan iqtidarı üçün getdikcə daha böyük təhdidə çevrilir. Onu istəməyən qüvvələr pandemiya ilə mübarizədən istifadə edib Paşinyana qarşı daha fəal iş aparırlar.

"Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan bildirir ki, Ermənistan koronavirus daşıyıcılarının sayına görə, "dünya çempionları”ndandır: "Koronavirusdan ölüm səhiyyə nazirinin qürurlu olmasına mane olmur”.

Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən 2021-ci il yanvarın 11-dək ölkədə karantin rejimini uzatmaq qərarına gəlib. Müvafiq qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub. Bildirilib ki, dünyadakı gərgin epidemiya vəziyyətini, eləcə də Ermənistanda koronavirus infeksiyasının geniş yayılmasını nəzərə alaraq, Ermənistan hökuməti 11 sentyabr - 11 yanvar 2021-ci il tarixlərində bütün ölkə ərazisində karantin rejimi tətbiq etmək qərarına gəlib.

Hökumətin qərarına uyğun olaraq, karantin müddəti bitənə qədər quru yolla ölkəyə giriş qadağandır. İstisna yalnız diplomatlara və onların ailə üzvlərinə aiddir.

Həm də ölkəyə dəfn və ya anım mərasimində iştirak etmək üçün girişə icazə verilir. Dövlətlərarası yük daşımaları həyata keçirən sürücülər də ölkəyə girə bilərlər. Bununla belə onlar tibbi müayinədən keçməli, xəstəlik əlamətləri aşkar olunarsa, xəstəxanaya yerləşdirilməlidirlər.

"Ədalətli Ermənistan” təşəbbüs qrupunun üzvü, vəkil Norayr Norikyan isə qeyd edib ki, Ermənistanda həm hakimiyyət, həm də cəmiyyət dəhşətli koronavirusun olması ilə barışıb. Norikyan qeyd edib ki, koronavirus Ermənistana qalib gəlib: "Görülmüş və görülən tədbirlər artıq imitasiya xarakteri daşıyır, təəssüf ki, hakimiyyət bu fəlakəti aradan qaldırmaq üçün hər hansı strateji fikir və proqrama malik deyil”.

Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, keçmiş hərbi xunta baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və bu məsələdə o, həm Qarabağdakı separatçı rejimdən, həm də müəyyən xarici qüvvələrdən, xüsusən də Rusiyadakı erməni lobbisindən istifadə etməyə çalışır. Xatırladaq ki, işğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş keçmiş hərbi xuntanın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüf sayılmır. Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, faciəvi siyasi-iqtisadi vəziyyət fonunda Koçaryan-Sarkisyan koalisiyası məqsədinə çatmağın daha da asan olduğunu düşünür.

Erməni əsilli rusiyalı milyarderlərdən girov qismində çatdırılan Ermənistan üçün misilsiz məbləğ sayılan 2 milyard dram həcmində yardım da onu göstərdi ki, bu klana xaricdən dəstək də var. Bu dəstək və Koçaryanın azadlığı üçün verilən pullar həm də onun təsdiqidir ki, Rusiyadakı erməni əsilli oliqarxlar hələ də Ermənistanda daxili siyasi proseslərə təsir etmək imkanına malik olduqlarını Paşinyana göstərmək qərarına gəliblər.

Pandemiyanın yaratdığı problemlər də Paşinyanın əleyhinə işləyir. Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bu xüsusda bildirir: "İndi iqtisadiyyatın vəziyyəti pisdir, gələcəkdə daha pis olacaq, çünki iqtisadi, sosial, siyasi baxımdan bütün göstəricilər bunu təsdiqləyir. Bu müddət ərzində hakimiyyət nə edir? Hakimiyyət müxalifləri susdurmaq üçün hər şey edir”.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: