Yaponiyanın “Ushio Inc.” şirkəti koronavirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb

353

Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış “Ushio Inc.” şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronavirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Kyodo agentliyinə istinadla xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı “Care 222” ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat vasitələrinin, lift və ofislərin dezinfeksiyası üçün nəzərdə tutulub. Bildirilir ki, ultrabənövşəyi şüalar adətən səhiyyə və qida sənayesi obyektlərinin sterilizasiyası üçün istifadə olunur. Lakin ultrabənövşəyi lampalar dəri xərçənginə və gözlərdə problemin yaranmasına səbəb olduğuna görə bu lampalardan insanların olduğu məkanlarda istifadə edilmir.

“Ushio” şirkətinin təklif etdiyi yeni lampalarda 222 nanometr uzunluğunda ultrabənövşəyi şüalardan istifadə edildiyinə görə, bu lampalar mikrobları məhv etdiyi halda, insan sağlamlığı üçün təhlükə yaratmır.

Bu yaxınlarda üçüncü tərəf olaraq Hiroşima Universitetində aparılan sınaqlar 222 nanometr uzunluğunda ultrabənövşəyi dalğaların koronavirusu məhv etdiyini və onun insanların sağlamlığı üçün təhlükə yaratmadığını təsdiq edib.

Bildirilir ki, quruluşuna görə kitab ölçüsündə olan və çəkisi cəmi 1,2 kiloqram təşkil edən “Care 222” aparatının satış qiyməti 300 min yenə (təqribən 2860 dollar) bərabərdir.

Hazırda şirkət tərəfindən yalnız səhiyyə müəssisələri üçün həmin avadanlığın sifarişi qəbul edilir.

Bununla yanaşı, “Ushibo” şirkətinin “Toshiba Lighting and Technology Corp.” şirkəti ilə birlikdə “Care 222” şüaötürücüsünün yerləşdiyi və ümumi istifadə üçün nəzərdə tutulan yeni avadanlığın istehsalına hazırlaşdığı da bildirilir. Həmin avadanlığın gələn ilin yanvarından satışa çıxarılacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: