Co Bayden Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat imzalayıb
ABŞ-ın keçmiş vitse-prezidenti, qarşıdakı prezident seçkilərində Demokratlar partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Co Bayden Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bayden Dağlıq Qarabağda döyüş əməliyyatlarının yenidən başlanması ilə əlaqədar dərin narahatlıq keçirdiyini bildirib. Atəşkəs rejimini və Ermənistanla Azərbaycan arasında danışıqları bərpa etməyə çağıran Bayden qeyd edib ki, Tramp administrasiyası ATƏT-in Minsk qrupunun digər həmsədrləri – Fransa və Rusiya ilə birlikdə münaqişənin dinc yolla nizamlanması və etimad tədbirlərinin dəstəklənməsi üçün diplomatik səyləri fəallaşdırmalıdır.
Bəyanatda daha sonra deyilir: “Dağlıq Qarabağda yenidən başlanmış döyüş əməliyyatları genişlənərək daha böyük regional münaqişəyə çevrilə bilər. Ona görə də regiondakı digər ölkələr bu münaqişədən uzaq olmalı, Minsk qrupunun vasitəçiləri isə gərginliyi azaltmağa və dərhal danışıqlara qayıtmağa nail olmalıdırlar”.
Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat əməliyyatları həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca yerləşən mövqelərini və Azərbaycanın cəbhəyanı zonadakı yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Azərbaycan ordusu düşmənin bu təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücuma keçib. Nəticədə bəzi kəndlər işğaldan azad edilib, strateji yüksəkliklər tutulub.
BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin işğalını pisləyən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri barəsində beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar erməni işğalçı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul ediblər.