Paşinyanın çarəsizliyi... - Ermənilərin “status bazarlığı” üçün heç nəyi qalmır – nə əhalisi, nə ərazisi, nə də ordusu!

A- A A+

Hazırda davam edən Qarabağ müharibəsinin əsas siyasi qurbanının Nikol Paşinyanın rəhbərlik etdiyi indiki Ermənistan hökumətinin olduğu şəksizdir. Ciddi siyasətçiyə yaraşmayan davranışları və açıqlamaları, savadını, potensialını və siyasi təcrübəsini qat-qat üstələyən özündənrazılığı, hikkəsi və arxayınçılığı onun bugünkü rəzil duruma düşəcəyini əvvəlcədən şərtləndirmişdi. Özü də bunu, təkcə şəxsən Paşinyana deyil, bütövlükdə erməni cəmiyyətinə aid etmək olar.

Nəticədə erməni cəmiyyəti son onilliklərdə özü üçün formalaşdırdığı cəzasızlıq, yekəxanalıq, qarşı tərəfi aşağılamaq əhvalını hazırkı düşkün, məğlub, diz çökmüş və isterik durumla əvəzləmək məcburiyyətində qalıb. Elə Paşinyanın son yalvarışları, Azərbaycanı durdurmağa dair çağırışları da məhz bu acı məğlubiyyətin, düşkünlüyün, ümidsizliyin yaratdığı iniltilərdir...

Əslində, bütün siyasi debatlarda, müzakirələrdə Azərbaycan Prezidentinə açıq-aşkar biabırçılıqla uduzan Paşinyan, nə özünün İlham Əliyevlə, nə də ölkəsinin iqtisadi, hərbi və insan resursları baxımından Azərbaycanla müqayisə edilə bilməyəcəyini anlamayacaq qədər beyinsiz olmayıb. 

Sadəcə, görünür Azərbaycana hərbi yoldan başqa seçim qoymamaqla Rusiya faktorunun yenə Ermənistanın dadına çatacağını, 2016-cı ilin aprel hadisələrinin təkrarlanacağını düşünüb. Hesab edib ki, “yüngülvari” ərazi itkilərilə yaxasını qurtara biləcək. Lakin hələ Paşinyan hakimiyyətinin ilk dövrlərində Rusiyanın Baş naziri Dmitri Medvedevin onu MDB rəhbərlərinin iclasında ələ salaraq aşağılaması təsadüfi deyildi. Həmin vaxt Paşinyan ona üz tutaraq, “keçə bilərik?” (növbəti məsələyə keçidi nəzərdə tutur-red.) deyə soruşmuşdu. Medvedev isə “hara?” deyə cavab vermişdi və Rusiya nümayəndə heyəti bu səhnəni istehzalı gülüşlə qarşılamışdı. 

Artıq bu, Rusiya hakimiyyətinin Paşinyana və onun hökumətinə olan mənfi siyasi münasibətinin masa arxasındakı təzahürü və ilk siqnalı idi. Və aşağı-yuxarı eyni münasibət hazırda davam edən Qarabağ müharibəsi fonunda da Ermənistana qarşı sərgilənməkdədir...

Məlum olduğu kimi, iki gün əvvəl Rusiyanın TASS agentliyi İlham Əliyevdən və Paşinyandan müsahibə alıb və onların hər ikisinə demək olar ki, eyni sualları ünvanlayıb. Suallar əsasən tərəflərin Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə və Moskvada növbəti görüşün keçirilməsinə münasibətlə bağlı idi. Təbii ki, tərəflər görüş təklifinə müsbət cavab verməyə bilməzdilər. Çünki ən azından humanizm və qan axıdılmasının qarşısının alınması, ümumilikdə beynəlxalq münasibətlər sisteminin tələb etdiyi davranış meyarları bunu şərtləndirirdi. Ancaq istənilən halda Azərbaycanın bütün təzyiqlərə rəğmən qarşısına qoyduğu hədəflərə çatmayınca dayanmayacağı gün kimi aydındır və ölkə başçısının “Şuşasız bizim işimiz yarımçıq olar” fikri də təsadüfi deyil...

Onu da nəzərə almaq lazımdır ki, cümə günü ABŞ dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini danışıqlara dəvət edib. Həmçinin, Qarabağdakı durum BMT Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirəyə çıxarılıb. Bütün bunlar o deməkdir ki, uzun illərdən sonra Qarabağ məsələsi geopolitik maraqlar və rəqabətin tam ortasında yer almağa başlayıb. Və hazırda ötən illərlə müqayisədə Azərbaycanın əli məlum səbəblərdən daha güclüdür. Çünki Ermənistanın bazarlıq predmetinə çevirdiyi işğal altındakı 7 rayon bir-bir onun əlindən alınır. Artıq Azərbaycan Ordusu aran Qarabağı, demək olar ki, tamamilə işğaldan azad edib və Dağlıq Qarabağın içərilərinə doğru irəliləyərək, strateji əhəmiyyətə malik Hadrutu, Ağdərədəki, Xocavənddəki strateji yüksəklikləri, Suqovuşanı, Murovdakı yüksəklikləri düşməndən təmizləyib. İndi isə Ermənistan Müdafiə Nazirliyi özü etiraf edir ki, artıq Qubadlı ərazisində qızğın döyüşlər gedir.

Azərbaycanın döyüş meydanında qazandığı bu üstünlük “təmas xətti” anlayışını, ümumilikdə Minsk prosesini sıfırlayıb və problemin mərhələli həll variantını demək olar gündəmdən çıxarıb. Çünki Ermənistanın əlindəki rayonlarımızı şanlı ordumuz öz gücü ilə azad edir, hətta Dağlıq Qarabağın içərilərinə doğru irəliləyir və nəticədə artıq Ermənistanın ““DQR”-in statusu” əvəzində təklif edəcəyi heç nəyi qalmır. Bunu anlayan Paşinyan məhz bu səbəbdən bütün müsahibələrində Ermənistan üçün “qırmızı xətt”in status məsələsi olduğunu vurğulayır. Və nədənsə ümid edir ki, hələ müharibədən əvvəl bu məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılıq verən rəsmi Bakı hazırkı hərbi-siyasi üstünlüyü fonunda güzəştə gedəcək. Sözsüz ki, buna inanmaq absurddur.

Əslində, getdikcə status məsələsi ümumiyyətlə öz aktuallığını itirir. Çünki faktiki olaraq, Dağlıq Qarabağda erməni əhalisi qalmayıb, Ermənistan 27 il əvvəl havadarlarının köməyilə Azərbaycana yaşatdığını hazırda özü yaşayır və qaçqın problemilə üz-üzədir. Həmçinin, hələ uzun müddət Dağlıq Qarabağın əksər yaşayış məntəqələri dağıntılar səbəbindən yaşamaq üçün yararsız olacaq. Beləliklə, faktiki olaraq, bu gedişlə yaxın günlərdə danışıqlar masasında ermənilərin Dağlıq Qarabağın “status bazarlığında” Azərbaycanın qarşısına qoyacağı heç nəyi qalmayacaq – nə ərazi, nə əhali, nə ordu, nə də idarəetmə orqanları.

Digər tərəfdən, bütün ermənipərəst təbliğata baxmayaraq, döyüşlərin məhz Azərbaycan ərazisində getdiyi, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisi olduğu daha aydın və qabarıq şəkildə dünyaya çatdırıldı. Və bunu Azərbaycan əleyhinə təbliğat aparan xarici KİV-lərin özləri də etiraf etmək məcburiyyətindədirlər. Faktiki olaraq, ABŞ, Britaniya və Avropa Birliyi Ermənistanı dəstəkləmir və məsələnin “ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı” hüququ əsasında həllinə tərəfdardır.

Rusiya da döyüşlərin məhz Azərbaycan ərazisində getdiyi, sülhməramlıların bölgəyə göndərilməsi üçünsə Azərbaycanın razılıq verməsinin gərəkdiyini bildirdi. Azərbaycansa təbii ki, buna razı deyil.

Ən başlıca məqamlardan biri isə o oldu ki, Rusiya Türkiyənin bu münaqişədə aktiv siyasi iştirakının labüdlüyünü etiraf etdi. Bunu oktyabrın 10-da Xarici İşlər nazirlərinin görüşündən və humanitar atəşkəs razılaşmasından sonra Lavrovun Çavuşoğluya zəng edərək məlumatlandırması da təsdiqlədi. Həmçinin, Rusiya dolayısı ilə ermənilərə Qərbi seçməyin bədəlinin nə olduğunu göstərmiş oldu...

Nəhayət, Paşinyanın son iniltilərinin, aqoniyasının və yalvarışlarının daha bir səbəbi də onun hakimiyyətlə vidalaşmasının qaçılmaz olmasıdır. Döyüşlər başlayandan 11 ölkə rəhbərinə üst-üstə 20 dəfə zəng edən Paşinyan heç cür gözlədiyi reaksiyanı və nəticəni ala bilmədi. O, bilir ki, Azərbaycan ordusu işğalçı erməni silahlılarını qovduğu kimi, ermənilər də onu və onun “yeni ərazilərin işğalı üçün yeni müharibə”dən dəm vuran, indi isə səsini məlum yerinə soxan yekəbaş müdafiə naziri David Tonoyanı iti qovan kimi qovacaqlar. Və bir zamanlar Ermənistana rəhbərlik edən hərbi canilərə qurdurduğu məhkəmədən Paşinyan üçün də qurulacaq!

Cəlal Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: