Neytrino astronomiyası dövrü başlanıb

A- A A+

Antarktidada yerləşən “IceCube” rəsədxanasında neytrino hissəciklərinin mənbəyi müəyyən edilib.

NUHÇIXAN “Science” jurnalına istinadla xəbər verir ki, rəsədxanada müşahidə aparan alimlər ən kiçik hissəciklərin hərəkətini onların kosmik vətəninədək – 4 milyard işıq ili uzaqlığında olan parlaq qalaktikaya qədər izləyiblər. Bu kəşf kosmik tədqiqatlar tarixində yeni mərhələ açıb. Çünki alimlər uzun müddətdir Yer kürəsini enerji atəşinə tutan kosmik hissəciklərin mənbəyi üzərində düşünürdülər. İndiyədək bu hissəciklərin verdiyi enerjini Yerdə ən güclü aparatlar vasitəsilə də almaq mümkün olmayıb. Beləliklə, neytrino adlanan yüngülçəkili hissəciklərin Orion bürcündə parlaq qalaktikadakı blazardan (radioşüalanma mənbəyi) gəldiyi müəyyən edilib.

Çikaqo Universitetinin astrofiziki Ancela Olinto bildirib ki, bu kəşf neytrino astronomiyasının başlanğıcıdır və Yerə göndərilən hissəciklərdən istifadə etməklə kosmik möcüzə olan blazarların sirrini açmaq mümkün olacaq. O, yüksəkenerjili neytrinoların digər başqa mənbələrinin də ola biləcəyini istisna etməyib. Astrofizik əlavə edib ki, blazarlar neytrino ilə birgə meydana gələn digər kosmik şüalar da buraxırlar.

“IceCube” rəsədxanasının rəhbəri, Viskonsin-Medison Universitetinin astrofiziki Frensis Haltsenin sözlərinə görə, buzun üzərində tikilmiş bu kosmik tədqiqat mərkəzində neytrinoların buzlara çarpılması nəticəsində yaranan işıqlar minlərlə ötürücü tərəfindən ölçülür. Astrofizik deyib: “2017-ci il sentyabrın 22-də burada 300 trilyon elektron-volt gücündə enerji qeydə alınıb. Müqayisə üçün deyək ki, Cenevrədəki Böyük Adron Kollayderində protonların maksimum gücü 6,5 trilyon elektron-volt təşkil edir”.

Neytrinonun əks istiqamətdə hərəkətini izləyən alimlər Orion bürcündə fəzanın müşahidə edilən hissəsini daraldıblar. Sonra teleskoplar vasitəsilə bütün işıq ləkələri qeydə alınıb. “Fermi” adlı kosmik qamma-şüa teleskopu blazardan gələn və nəhəng “qara dəliyi” aydınladan qamma-şüalarının Yerə doğru hərəkətini aşkar edib. Müxtəlif teleskoplar da blazardan gələn rentgen şüaları və radiodalğaları müəyyən ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: