Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
NUHÇIXAN xəbər verir ki, 15 iyul - Demokratiya və Milli Birlik Günündə ölkənin bütün bölgələrində şəhidlərin anım mərasimləri, konfranslar, rəsm sərgiləri, mövzu ilə bağlı film və kitab təqdimatları təşkil olunub.
Tarixin daha bir ağır sınağından üzüağ çıxan qardaş ölkə xalqı 2016-cı il iyulun 15-də böyük qəhrəmanlıq göstərərək ölkədə hərbi çevriliş cəhdinin qarşısını alıb. Əliyalın insanlar tankların, silahlı qiyamçıların qarşısına çıxaraq dövlətin, qanuni hakimiyyətin müdafiəsini təmin edib, demokratiyaya sadiqliyini göstərib. Türkiyənin dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar həyatlarını qurban verərək qiyamçıların hakimiyyəti ələ keçirməsinin qarşısını alıb.
Həmin gecə baş verən hərbi qiyam, dövlət çevrilişi cəhdi hakimiyyət-xalq birliyinin güclü həmrəyliyi sayəsində dəf olunub. Təəssüf ki, dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 251 şəhid verib. Şəhidlərin əziz xatirəsini anmaq, qazilərə ehtiram əlaməti olaraq ölkənin böyük şəhərlərində mitinq-yürüşlərin keçirilməsi planlaşdırılır.
Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər Türkiyə ictimaiyyəti ilə birlikdə bu tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən təşkil olunan dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Türkiyə dövləti terrorçuluqla mübarizədə böyük uğurlar qazanıb. Dövlət strukturlarından, ordudan və polis sistemindən FETÖ üzvlərinin təmizlənməsi prosesi terrorçuların dayaq nöqtəsini zəiflədib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.