Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, iclasda gündəlikdə duran mühüm məsələlər müzakirə edilib.
İclasın yekunu ilə bağlı yayılan açıqlamada bildirilir ki, Azərbaycanın vətən torpaqlarını geri almasından məmnuniyyət ifadə edilib. Baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub. Bu çərçivədə imzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin göstərəcəyi səylərin önəmli olduğu vurğulanıb.
Açıqlamada diqqətə çatdırılır ki, Türkiyə bundan sonra da terrorçuluqla mübarizədə qətiyyət göstərəcək, milli təhlükəsizliyinə təhdid yaradan bütün təsirləri dəf etmək üçün imkanlarından istifadə edəcəkdir.