Fransada “Qlobal təhlükəsizlik barədə” qanun layihəsinin əleyhinə şənbə günü davam edən nümayişlər zamanı təhlükəsizlik qüvvələrinin azı 62 əməkdaşı xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına əsasən, 23 polis Parisdə keçirilən etiraz aksiyasının gedişində, digərləri isə əyalətlərdə yaralanıb. Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşlarda iştirak edən 80-dən çox şəxsi saxlayıb.
Həmçinin iğtişaşlar zamanı suriyalı fotoqraf Əmir əl-Halbi başından zədə alıb. Beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatının Baş katibi Kristof Deluar polisin 24 yaşlı fotomüxbirə qarşı zorakılığını qınayıb.
Noyabrın 28-də Fransanın 70 şəhərində polis əməkdaşlarının və jandarmın foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik barədə” qanun layihəsi əleyhinə etiraz aksiyaları keçirilib. Kütləvi aksiyalar jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən təşkil edilib.
Rəsmi məlumata əsasən, “Silahları endirin ki, biz də kameraları endirək!” şüarı altında keçirilən etiraz yürüşləri 133 min insanı bir araya gətirib. Nümayişlər bir çox şəhərdə iğtişaşlarla müşayiət olunub.