Çərkəzköy (Türkiyə)-Sian (Çin) marşrutu ilə hərəkət edən Türkiyənin ilk ixrac yük qatarı fasiləsiz hərəkətlə planlaşdırılan vaxtda mənzil başına çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Twitter” sosial şəbəkə hesabından yazıb. Nazir bildirib ki, bu ilk ixrac yük qatarı keçdiyi hər şəhərdə Türkiyənin dəmir yolu daşımalarının zəfərini dünyaya nümayiş etdirib.
Qeyd edək ki, dekabrın 4-də İstanbuldan yola çıxan Türkiyənin Çinə ilk ixrac qatarı Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Sian şəhəri istiqamətində hərəkət edən 42 konteynerdən ibarət qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçməklə 8700 kilometrədək məsafə qət edib.