Fransanın dövlət siyasətinə ləkə vuran ermənipərəstlik

A- A A+

İkinci Qarabağ müharibəsinin reallıqlarından biri Fransanın özünü ifşa etməsi oldu. Müharibənin ilk günlərindən Prezident Emmanuel Makron ölkəsinin neytrallığını unudaraq tam ermənipərəst siyasət yürütdü. Əlbəttə, onun bu addımı Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında heç bir uğur qazanmayaraq iflasa uğradı.

Makronun anti-Azərbaycan mövqeyi Ermənistanın kapitulyasiya barədə məlum sənəd imzalandıqdan sonra da davam etməkdədir.

Paşinyan Makronla əlaqə saxlamağa niyə təşəbbüs etməyib?

Ermənistanın "Qraparak” qəzeti yazır ki, baş nazir Nikol Paşinyanın təslim olma aktını imzaladıqdan bir neçə gün sonra Fransa Prezidenti erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Makron Fransa ermənilərinin Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib. Sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib.

O, müharibə zamanı dəfələrlə baş nazirlə əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta sms mesajlar yazdığını da nəzərə çatdırıb. Bildirib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlayıb: "Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”

Əslində Paşinyan Fransanın və Makronun Ermənistana kömək edə bilmək imkanlarından uzaq olduğunu başa düşürdü. Paşinyan Fransa Prezidentinin İlham Əliyevin qətiyyəti qarşısında çıxılmaz vəziyyətə düşdüyünü də bilib. Onu da anlayıb ki, Fransanın Prezidentinin bəyanatları, zəngləri heç nəyi həll etmir. Elə buna görə də Makronla əlaqə saxlamağa təşəbbüs göstərməyib.

Qəzetin təqdim etdiyi faktlar isə Makronun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin daşıyıcısı olduğunu sübut edən mühüm faktlardır. Makron Fransanın ATƏT-in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək çərçivəsində qavrayır. Vasitəçi olan bir ölkənin belə mövqeyi dəstəkləməsi onun bitərəfliliyini tam şübhə altına alır. Bu, illərdir Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyinin ciddi əsaslara söykəndiyini ortaya qoyur.

Fransa problemin həllini hələ də həzm edə bilmir

Bu gün də Ermənistanın müharibədəki məğlubiyyətini həzm edə bilməyən dövlətlərdən biri Fransadır. Bunu ölkə parlamentinin qəbul etdiyi qətnamələr də təsdiq edir. Lakin məğlubiyyətin rəmzi olan, Fransanın dövlət siyasətinə ləkə vuran həmin bədnam qətnamələr Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.

Belə bir qətnamənin qəbul edilməsi göstərdi ki, bu ölkə öz imperialist xislətinə uyğun olaraq Ermənistanın işğalçılıq siyasətinə açıq dəstək verir, beynəlxalq hüquqa qarşı hörmətsizlik edir.

Fransanın hakim siyasi dairələrinin Ermənistana "sevgisi” anlaşılandır. Bu ölkədə erməni lobbisi bir çox məsələləri həll edə bilir. Fransa Prezidenti də, ölkənin parlamenti də maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdırıb. Bu isə Fransanın bir dövlət kimi nüfuzunu əhəmiyyətli dərəcədə zədələyib.

Fransadakı erməni lobbisinin və onların tapşırıqlarına uyğun davranan Makronu Azərbaycan və Türkiyənin güclənməsi, birlik nümayiş etdirməsi ciddi narahat edir. Məlum olduğu kimi, artıq Qərb və bəzi Avropa ölkələri dünya siyasi arenasında öz dominantlığını itirməkdədir. Bu gün ayrı-ayrı dövlətlər yerləşdikləri bölgənin və regionun nüfuz sahibinə çevrilirlər. Türkiyənin son illərdə bölgədə, ümumilikdə dünyada nüfuzunun və mövqelərinin artdığı faktdır. Bəzi ölkələrdə baş qaldıran siyasi gərginliklər, hakimiyyət dəyişiklikləri fonunda Türkiyənin nüfuz dairəsinin artması dünyada etiraf olunan reallıqdır.

Türkiyə həm də NATO-nun üzvü kimi aparıcı mövqeyə malikdir. Təbii ki, imperializm nostalgiyasını hələ unutmayan Fransa Türkiyənin nüfuz savaşındakı qalibiyyətindən rahat ola bilmir. Eyni zamanda iqtisadi böhran dövrünü yaşayan Avrozonanın qonşuluğunda bir müsəlman dövlətinin sürətli inkişafı bəzi Avropa ölkələrində, o cümlədən Fransada siyasi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına olan qısqanclığını gizlətmir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahat olduğunu addımları ilə nümayiş etdirməkdədir.

Ümumiyyətlə, Fransa Prezidenti həm müharibə günlərində, həm də ondan sonra göstərdi ki, haqsızlığın və işğalçının yanındadır. Bundan uduzan isə bütövlükdə Fransadır.

Ermənistan Prezidenti baş naziri güzəştə getməyə çağırdı

Ermənistanda cərəyan edən son proseslərin təhlili bu ölkə daxilində ictimai-siyasi müstəvidə gərginliyin yenidən artan xətt üzrə getdiyini göstərir. Bütün bunlara əsas səbəb növbədənkənar parlament seçkiləri ilə bağlı iqtidar və müxalifət düşərgəsində yaranan fikir ayrılığıdır. Baş nazir Nikol Paşinyan erkən parlament seçkiləri keçirilməsi mövzusunda siyasi qüvvələrlə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib.

Ümumiyyətlə, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olmuş, ölkədə daxili qarşıdurma pik həddə çatmışdı. Bu gün Ermənistanda reallıq həm də ondan ibarətdir ki, pandemiya və müharibədəki məğlubiyyət fonunda ölkənin sosial-iqtisadi tənəzzülü sürətlənib. Vəziyyət göstərir ki, işğalçı ölkənin əhalisinin yarıdan çoxu aclıq problemi ilə üzləşib. Azgəlirli ailələr çörək məmulatlarını kartofla əvəz ediblər. Yoxsul həyat tərzinə dözə bilməyən vətəndaşlar ölkədən miqrasiya etməyə çalışırlar. Ermənistanın kəndlərində daha çox qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Çünki əməkqabiliyyətli kişilər ölkə xaricində miqrant kimi çalışırlar. Ermənistan rəsmiləri bu ilin əvvəlindən pandemiya səbəbindən ölkə iqtisadiyyatında dövriyyənin 20 faiz, ticarət və xidmətlərin isə 19-29 faiz azaldığını bildirirlər. Dağlıq Qarabağdakı iqtisadi imkanların əldən çıxmasından sonra isə bu rəqəmlər daha da böyüyüb. İtkilərin yerini isə yaxın illərdə doldurmaq mümkün deyil.

Bu arada Ermənistan Prezidenti Armen Sarkisyan Gümrüdə ictimaiyyətin nümayəndələri ilə görüşündə bildirib ki, ölkəni mümkün qədər düzgün relslər üzərinə qoymaq lazımdır. O, həm baş nazir Paşinyanla, həm də müxalifət nümayəndələri ilə görüşdüyünü, bütün tərəflərin bir masa arxasında oturması üçün görüşləri davam etdirmək niyyətində olduğunu qeyd edib: "Mən ilk gün kifayət qədər sadə və aydın bir təkliflə çıxış etdim. Hökumət istefa verməlidir, çünki sən uduzmusansa, işi davam etdirmək çox çətindir. Hətta hökumət heç bir şeydə günahkar olmasa belə bu səhifəni bağlamaq və təmiz vərəqdən başlamaq lazım idi. Əgər biz bu gün "oyanmasaq”, sərvətimizdən necə istifadə edəcəyimizi müəyyənləşdirməsək, 5-10 ildən sonra daha böyük məğlubiyyətə uğrayacağıq”.

Beləliklə, Armen Sarkisyanın bu fikirləri ölkənin hansı acınacaqlı durumda olduğunu göstərir. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: