ÜST yoxsul ölkələrdə vaksinasiyaya başlamaq üçün “Pfizer” şirkəti ilə razılaşma əldə edib

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın yoxsul və orta gəlirli ölkələrində koronavirusa qarşı vaksinasiya kampaniyasına start vermək üçün “Pfizer“ şirkəti ilə 40 milyon doza peyvəndin alınması barədə razılaşma əldə edildiyini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq təşkilat vaksinasiya kampaniyasına dünyanın yoxsul ölkələrini peyvənd dozaları ilə təmin etməyi hədəfləyən COVAX təşəbbüsü çərçivəsində fevral ayında başlayacaq.

Təşkilat koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında uçurumun yaranmasını yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.

ÜST-ün rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, “Pfizer”lə bağlanmış müqavilə səhiyyə işçilərinin vaksinasiyası üçün istifadə ediləcək.

“Pfizer” şirkətinin rəhbəri Albert Bourla isə açıqlamasında 40 milyon peyvənd dozasının qeyri-mənfəət bazası əsasında satılacağını elan edib. O, bu razılaşmanı ilkin addım kimi dəyərləndirib və gələcəkdə COVAX proqramı vasitəsilə daha çox dozasının satıla biləcəyini qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: