Ukraynanın Xarkov şəhərində Qocalar evində baş verən yanğın nəticəsində həlak olanların sayı artıb.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadla xəbər verir ki, yanğın zamanı xilas edilərək xəstəxanaya yerləşdirilən 83 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər onun xəstəxanaya ağır vəziyyətdə qəbul edildiyini açıqlayıblar.
Bununla da yanğın nəticəsində həlak olanların sayı 16-ya çatıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş dörd nəfərin müalicəsi isə davam etdirilir.
Xatırladaq ki, yanvarın 21-i yerli vaxtla 15:03-də Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Faciə ilə bağlı yanvarın 23-ü Ukraynada matəm günü elan edilib.
Hadisə ilə bağlı 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilən şəxslər Qocalar evinin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır. Məlumata görə, Qocalar evi qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb.