Ermənistanın müharibədə məğlubiyyəti, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşması hakimiyyətin nüfuzunun xeyli aşağı düşməsinə səbəb olub. Sıravi ermənilər daha əvvəlki kimi Paşinyana etimad göstərməsələr də, müxalifətə də inanmırlar. Bununla belə ölkədə siyasi qarşıdurmanın, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin daha da kəskinləşməsi baş verir. Müxalifət Paşinyanın istefası tələbi ilə Yerevanda etiraz aksiyalarını davam etdirir.
Ermənistanın “Respublika” meydanında keçirilən növbəti mitinqdə etirazçılar hökumət binasına soxulmağa çalışsalar da, buna nail olmayıblar. Polis binanın bütün girişlərini bağlayıb. Ermənistan hökumətinin binasını ələ keçirməyə cəhd edən beş nəfər saxlanılıb. Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, mitinq zamanı bir qrup şəxs icra orqanının binasını ələ keçirməyə çalışıb.
Hazırkı siyasi xaos fonunda Ermənistanda idarəçilikdə ciddi böhranlar baş verir. Bu da ölkənin daim mövcud olmuş ənənəvi problemlərini daha da dərinləşdirir. Belə ki, korrupsiya Ermənistanın bütün həyat sferalarında kifayət qədər dərin kök salıb.
Hətta o səviyyəyə gəlib çatıb ki, ölkənin milli təhlükəsizliyinə böyük təhdid yaradır. Bütün məmur ordusu korrupsiya piramidasında yer aldığından bu problemə qarşı mübarizə yalnız kağız üzərindədir və vaxtaşırı verilən quru vədlərdən başqa bir şey deyildir. Korrupsiyaya qarşı strategiya hazırlansa da, təbliğat kampaniyaları aparılsa da, məmur oliqopoliyası reallıqda bu problemlə mübarizənin aparılmasına imkan vermir. Əksinə, indiki siyasi xaosdan istifadə edən məmurlar daha çox var-dövlət toplamaq üçün qanunsuzluğa yol verməkdən çəkinmirlər. Buna qarşı çıxanlar elə hakimiyyətin təsir rıçaqları ilə repressiv metodlara məruz qalır.
Bu arada isə Ermənistanda sabiq deputat Vaan Badasyan həbs olunub. Yerevan məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin keçmiş deputat barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib. Buna səbəb Badasyanın baş nazir Nikol Paşinyan barəsində fikirləri olub. Yanvarın 28-də jurnalistlərlə söhbət edən Vaan Badasyan deyib ki, baş nazir Nikol Paşinyan hakimiyyətdən getməlidir. “Əgər getməsə, onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi təşkil etməyə başlayacam”.
Bundan sonra Vaan Badasyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham olunub. Göründüyü kimi, Ermənistanda proseslər elə bir məcrada inkişaf edir ki, artıq cinayət məsuliyyəti yaradan çağırışlar edilir. Əslində bu Ermənistan üçün qeyri-adi hal deyil. Elə keçmiş hərbi xunta da hakimiyyəti bu yolla əldə etmişdi.
Bu arada Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan Ermənistanda ordu günü ilə bağlı sualları cavablandırarkən deyib: “Ordu generallar, zabitlər, əsgərlər, hərbi texnika və mənəvi ruhdan ibarətdir. Bizim isə əsgərdən başqa bir şeyimiz yoxdur. Bir sözlə, bizim ordumuz yoxdur. İnsanlar ordunu bayram münasibətilə təbrik edir, erməni zabitinin şərəfindən və ordunun döyüş qabiliyyətindən danışırlar. Bu dərəcədə özünü aldatmağın mənası nədir? Bunu anlamıram” deyə o bildirib.
Onun sözlərinə görə, ordunun erməni xalqını xarici təsirlərdən qorumaq missiyası var idi: “Bu missiya uğursuz oldu. Ordu ölkəni daxili düşməndən xilas edə bilər. Bunu da etmədi. Yəqin ki, son müharibədə məğlub olmasına baxmayaraq, milli qəhrəman və generallarının sayını artıran yeganə ordu bizik. Orduda xidmət etməyən yüksək rütbəli məmurları, fərarilik edənləri və ordunun nə olduğunu bilməyənləri təbrik edirlər. Ordumuz qalmayıb. Bəziləri Yerablurda istirahət edir, bəziləri ya əsirlikdədir, ya da itkin düşüb. Onları təbrik edə bilmirəm”.
Mikael Minasyanın sözlərində həm həqiqət var, həm də yalan. Yalan ondan ibarətdir ki, Ermənistana qarşı hər hansı hərbi xarici müdaxilə olmamışdı. Həqiqət isə odur ki, Ermənistan bəlkə də dünyada yeganə ölkədir ki, məğlub ordusunun zabit və əsgərlərini təltif edib. Amma M.Minasyanın söyləmədiyi bir həqiqət var. Bu da ondan ibarətdir ki, Azərbaycan məhz onun qayınatası, müharibə cinayətkarı və keçmiş prezident S.Sarkisyanın da yaradılmasında iştirak etdiyi işğalçı ordunu darmadağın edib.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti