ÜST: Avropada COVID-19 virusunun yayılma sürəti azalır

A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu ölkələrində COVID-19-a yoluxma hallarını sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq azalır. Son üç həftə koronavirusdan ölənlərin sayında da azalma qeydə alınır.

Bunu ÜST-nin Avropa bürosunun rəhbəri Hans Klyuge Cenevrədə mətbuat konfransında bildirib. O, səhiyyə xidmətlərinin normal iş rejimi qurmasını tövsiyə edib, lakin bununla yanaşı sayıqlığı itirməməyə səsləyib.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə BMT-nin rəsmi saytına istinadla xəbər verir.

Klyuge deyib: “ÜST-nin Avropa regionunda bütün pandemiya ərzində 37 milyondan artıq yoluxma və təxminən 830 min ölüm faktı qeydə alınıb, ardıcıl olaraq beşinci həftədir ki, yoluxma hallarının sayında azalma müşahidə olunur. Ötən ilin sentyabrından bəri ilk dəfə olaraq, həftə ərzində qeydə alınan yeni yoluxma hallarının sayı milyondan az təşkil edir”.

O əlavə edib ki, hazırda yeni yoluxma hallarının 28 faizi və yeni ölüm hallarının 21 faizi Avropanın payına düşür.

ÜST-nin Avropa bürosunun rəhbəri hesab edir ki, COVID-19-a qarşı mübarizə ilə paralel olaraq xidmətlərin tam həcmdə təqdim edilməsi üçün bütün səhiyyə xidmətlərinin normal iş rejiminin bərpa olunması vaxtı yetişib.

Onun sözlərinə görə, son aylar təkcə COVID-19 pasiyentləri üçün ayrılmış şöbələr deyil, psixiatriya xəstəxanaları da həddən artıq yüklənib. Pandemiya dövründə həyəcan və depressiya sindromundan əziyyət çəkən insanların sayı xeyli artıb.

Hans Klyuge hesab edir ki, yaxın həftələrdə region ölkələrində getdikcə daha çox səhiyyə işçiləri peyvəndlənəcək, təxirə salınan əməliyyatların keçirilməsinə, kimyaterapiya kursları və planlı vaksinləmə üzrə kampaniyaların yenidən bərpasına nail olunacaq. Lakin bununla yanaşı, COVID-19-un yayılmasının qarşısını alan tədbirlərin zəifləməsinə yol vermək olmaz.

Avropa regionunun 20 ölkəsindən toplanmış məlumata görə, bu günədək COVID-19 əleyhinə immunlaşdırmadan keçmiş tibb işçilərinin sayı 1 faizdən 46 faizədək, orta hesabla 19 faizdir.

Bununla yanaşı, Klyuge vurğulayıb ki, epidemioloji vəziyyətin yaxşılaşması sayıqlığı itirmək üçün səbəb deyil, çünki aldadıcı təhlükəsizlik hissi pandemiyanın yeni dalğasına çevrilə bilər.

Axı bu gün regionda vaksinləmənin səviyyəsi hələ də çox aşağıdır. Məlumatları təqdim edən 30 ölkədə əhalinin yalnız 1,8 faizinə COVID-19-a əleyhinə peyvənd vurulub.

Koronavirusun yeni ştammlarından danışan Klyuge xatırladıb ki, onların hamısı elə “SARS-CoV-2”dir və onları əldə olan ehtiyat və müdafiə tədbirlərinin köməyi ilə nəzarət altında saxlamaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: