Ankara Rusiyadan S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması imkanlarını nəzərdən keçir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri İsmail Demir NTV telekanalına müsahibəsində deyib. “S-400 zenit-raket sistemlərinin ikinci polkunun alınması üzrə çalışmalarımız davam edir", - deyə o bildirib.
İsmail Demirin sözlərinə görə, Türkiyə öz müdafiə sistemlərini hazırlamaqla, Silahlı Qüvvələrin gücləndirilməsi üzərində də işləyir. Bu il Türkiyə ordusunun "Sunqur" və "Hisar-A+" sistemləri ilə təchizatına başlanılacaq. Həmçinin hava hücumuna qarşı yerli "Sipər" sisteminin hazırlanması işləri də davam edir.
Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı ABŞ tərəfindən tətbiq olunan sanksiyaların Ankaraya ciddi təsir göstərmədiyini, Vaşinqtonun bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu deyib.