“Honda” üçüncü avtomatlaşma səviyyəsinə cavab verən avtomobilləri satışa çıxaracaq

A- A A+

Yaponiyanın “Honda” kompaniyası dünyada ilk dəfə olaraq beynəlxalq təsnifata görə üçüncü avtomatlaşma səviyyəsinə cavab verən avtomobillərin satışına başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi “Honda” kompaniyasının saytına istinadla xəbər verir ki, burada xüsusi avadanlıq quraşdırılmış premium-sinfə aid “Legend” sedanından söhbət gedir. Satışlar hələlik yalnız lizinq sistemi ilə həyata keçiriləcək. Modelin qiyməti 11 milyon yen (102 min dollar) təşkil edəcək.

Avtomobil “Sensing Elite” adlı çoxsaylı yardım sistemləri ilə təchiz olunub. Məsələn, kruiz-nəzarət, aşağı sürətdə hərəkət və hərəkət zolağında qalma sistemləri işə düşdükdə avtomobil sürücünün müdaxiləsi olmadan idarəetməyə imkan verir. Bu zaman avtomobil qabaqda gedən nəqliyyat vasitəsi arasındakı məsafəni özü müəyyən edir və məsafə qısalacağı halda özü əyləci işə salır.

Həmçinin yeni modelə şəhər tıxacları şəraitində hərəkət üçün avtopilot quraşdırılıb. O, nəqliyyat axınında avtomatik sürət yığa və əyləci işə sala biləcək. Daha bir sistem isə sürücünün bilavasitə iştirakı olmadan manevr etməyə imkan verir.

Üçüncü avtomatlaşma səviyyəsi avtomobilin müəyyən şəraitdə sürücüsüz hərəkətini də nəzərdə tutur. Məsələn, avtomobil şosedəki axında yavaş hərəkət edən nəqliyyat vasitəsini ötə, sürəti artıra və azalda biləcək.

Avtomobil Mühəndisləri Cəmiyyəti (Society of Automotive Engineers, SAE) avtomobillərin altı avtomatlaşma səviyyəsini müəyyən edib. Sıfırıncı səviyyə heç bir avtomatlaşma nəzərdə tutmur (sürücü bütün işi özü görür), beşinci səviyyə isə avtomobilin tam avtomatlaşması deməkdir (idarəetmə prosesinə birbaşa müdaxilə tələb olunmur).

Qeyd edək ki, elektrik mühərrikli avtomobillərin istehsalçısı “Tesla” kompaniyasının rəhbəri İlon Mask yaxın zamanlarda beşinci səviyyəli standartlara cavab verən tam avtomatlaşmış avtomobil modelinin hazır olacağını elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: