Diaspor təşkilatları Ermənistana maliyyə yardımını dayandırıblar

A- A A+

Dərin tənəzzül dövrünü yaşayan Ermənistanda aylardır davam edən siyasi gərginlik daha ağır mərhələsinə qədəm qoyub. Belə ki, silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra vəziyyət daha da pisləşib. Baş nazir bunu “çevrilişə cəhd” adlandırıb və baş qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə prezident qarşısında vəsatət qaldırıb.

İndi hər şey prezident Armen Sarkisyandan asılıdır. Əgər o, baş nazirin vəsatətindən konstitusiya məhkəməsinə şikayət etməsə, O.Qasparyan avtomatik olaraq vəzifəsindən azad olunacaq.

Bu arada Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da vəziyyətlə bağlı münasibətini açıqlayıb. Amma o, bir çoxunun gözlədiyinin əksinə olaraq baş qərargah rəisini dəstəkləyib. Belə ki, “ilur.am” saytında dərc edilmiş məqaləsində Levon Ter-Petrosyan generalların “dövlətçilik mövqeyindən çıxış etdiyini” bildirib. Keçmiş prezident hərbi komandanlığın narazılığını və ordunu de-fakto siyasi proseslərə çəkmək səylərini tam başa düşdüyünü bildirib.

“Bunun səbəbi isə baş nazirin alçaldıcı məğlubiyyətə görə  ehtiyatsız şəkildə öz günahını ordunun üzərinə atmaq cəhdidir”, - deyə yazıb.

Ter-Petrosyan generalların özlərini “təmkinli aparmasını” və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə çəkməsinə imkan verməməsini də alqışlayıb. O, hərbçilərin özünü belə aparmasını “dövlətçilik düşüncəsinin nümunəsi” adlandırır və bildirir ki, generalların hərəkətləri xalqın həqiqi dəstəyinə layiqdir.

Ermənistanda erkən seçkilərlə bağlı müzakirələr davam edir. Müxalif “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib ki, erkən seçkilər keçirilməsi təklifini verdikdən sonra müəyyən qüvvələr onu və komandasını təqib etməyə başlayıblar. Bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edən Edmon Marukyan hesab edir ki, “Telegram” kanallarında və mediada “sifarişli” xəbərlərin arxasında ölkədə hərbi çevriliş etmək istəyənlər dayanır. Onun sözlərinə görə, son günlər ona və komandasına qarşı əməlli-başlı kampaniya başladılıb.

“Söhbət “Telegram” kanalında hansısa “sövdələşmə” barədə məqalələrə pul xərcləyən və sonra da həmin xəbərləri öz mediasında yayımlayanlardan gedir. Özü də xalqdan oğurlanan pullar hesabına”, - deyə Manukyan əminliklə vurğulayıb. Onun qənaətincə, ordunun tankları paytaxta gətirəcəyinə və ölkədə hakimiyyəti ələ keçirəcəyinə ümid edən qüvvələr var: “Lakin bu, hərbi çevriliş kimi qiymətləndiriləcək”.

Müxalifətçi həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla silahlı qüvvələrin baş qərargahı arasında qarşıdurmanın davam etdiyini, böhranın dərinləşdiyini və bunun nəticəsində ölkədə geriləmənin olduğunu bildirib. Partiya sədrinin fikrincə, hakimiyyətin bir çox nümayəndələri uduzacaqlarını başa düşərək seçkilərin əleyhinə çıxırlar. “Eyni zamanda sadəcə seçkilərə hazır olmayan müxalifət qüvvələri var. Heç kim seçkilərə hazır deyil, ancaq böhranlı vəziyyətdən çıxmaq lazımdır. Hakimiyyəti dəyişməyin yeganə yolu isə seçkilərdir. Başqa yol yoxdur, əks halda qurbanlar olacaq”, -  deyə erməni siyasətçi xəbərdarlıq edib.

Paşinyanı devirməyə çalışan qüvvələrin əsas arqumentlərindən biri ağır sosial-iqtisadi vəziyyətdir. Ermənistan mətbuatı yazır ki, yaranmış vəziyyət ölkə əhalisinin qul kimi yaşadığını göstərir. Bildirilir ki, Ermənistanda qəbul edilən bütün qanunlar və dövlət proqramları yalnız bir qrup hakimiyyət nümayəndəsinin maraqlarına xidmət edir. Ölkədə keçirilmiş parlament və prezident seçkiləri xalqın deyil, hakim dairələrin iradəsinin nəticəsi olur. Ermənistanın iri müəssisələri xarici iş adamlarına satılıb. Kriminallaşmış hakimiyyətdən ehtiyat edən xarici şirkətlər Ermənistana investisiya qoymaq istəmirlər.

“4rd.am” saytının yazdığına görə, Ermənistanda fəaliyyət göstərən hakimiyyət strukturlarının heç biri legitim deyil. Qeyd olunur ki, diaspor təşkilatlarının hesabına büdcəni dolduran hakimiyyət indiyədək bir dənə də olsun iqtisadi layihə həyata keçirməyib. Müharibədəki məğlubiyyətdən sonra isə diaspor təşkilatları maliyyə yardımlarını  azaldıb və ya dayandırıblar. Onlar artıq humanitar məqsədlər üçün vəsait ayırmırlar.

Proseslərin axarı Ermənistanın daha böyük problemlər bataqlığına sürükləndiyini və dövlətçiliyinin böhranlar içərisində məhvə doğru getdiyini göstərir.

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: