Ermənistan Respublikaçılar Partiyasının parlamentdəki fraksiyası ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsi ilə bağlı bəyanat yayıb.
NUHÇIXAN “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bəyanatda hökumətin demokratiyaya, hüququn aliliyinə və məhkəmə orqanlarının müstəqilliyinə zidd qərarının baxılması üçün beynəlxalq məhkəmələrə göndəriləcəyi bildirilib.
Bəyanatda vurğulanıb ki, R.Köçəryana qarşı qaldırılmış cinayət işi daxili siyasi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq. “Əsassız ittiham cəmiyyətdə parçalanma meyillərinin güclənməsinə səbəb olur ki, bu da Ermənistanın və “Artsax”ın ətrafında cərəyan edən təhlükəli hadisələr fonunda ciddi narahatlıq doğurmaya bilməz”, - deyə parlament fraksiyası üzvləri hökumətə xəbərdarlıq edirlər.
Ermənistan hakimiyyətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağıran deputatlar qeyd ediblər ki, sabiq prezidentə qarşı qaldırılan cinayət işi konstitusiyaya zidd olmaqla yanaşı, ölkənin beynəlxalq nüfuzunu daha da aşağı salacaq.