Ermənistan parlamenti çərşənbə günü keçirilən iclasda ölkədə hərbi vəziyyətin ləğv edilməsinə səs verib. NUHÇIXAN İnformasiya Agentliyi armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu təşəbbüsün lehinə 118, əleyhinə 1 millət vəkili səs verib, bitərəf də 1 nəfər olub.
Qeyd edək ki, iki müxalifət partiyası "İşıqlı Ermənistan" və "Çiçəklənən Ermənistan" dünən 27 sentyabr 2020-ci ildə tətbiq olunan hərbi vəziyyət rejiminin ləğvi üçün qanunverici təşəbbüs təqdim ediblər. Dünən həmmüəllif, "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyanın qeyd etdiyi kimi, müharibə bitib, sülh yaranıb, hərbi vəziyyət rejimi özünü siyasi cəhətdən tükəndirib.
"İndi reallıq fərqlidir, erkən parlament seçkilərinin keçirilməsi barədə bir razılaşma var və hərbi vəziyyətin mövcud olması ölkədə müxalifətin və demokratiyanın hüquqlarını məhdudlaşdırır",- deyə Marukyan fikirlərini açıqlayıb.
Nəzərə çatdıraq ki, bir qədər əvvəl baş nazir Nikol Paşinyan parlament qüvvələri ilə məsləhətləşmələrdən sonra bu il iyunun 20-də Milli Məclisə erkən seçkilərin keçiriləcəyini elan etmişdi. Bunun üçün 27 sentyabr 2020-ci ildə müharibənin başlandığı gün tətbiq olunan hərbi vəziyyətin ləğv edilməsi tələb olunur. Ermənistan Konstitusiyasına görə, Milli Məclisə erkən seçkilər Milli Məclisin buraxılmasından otuz gündən tez və qırx beş gündən gec olmayaraq keçirilir. Eyni zamanda, parlamentin özünün də buraxılması üçün ən azı 14 gün vaxt lazımdır, çünki baş nazir istefa edərsə, Milli Məclis buraxıla bilər.
Xatırladaq ki, baş nazirin istefasından sonra Milli Məclis fraksiyalarının yeddi gün ərzində namizəd irəli sürmə hüququ vardır, əgər bu baş verməzsə, ən azı üçdə biri tərəfindən namizəd göstərilən yeni baş nazir seçkisi keçiriləcəkdir. Baş nazir ümumi deputat sayının çoxluğu ilə seçilmirsə, Milli Məclis qanun qüvvəsi ilə ləğv edilir.