İtaliyanın Venesiya şəhərində bu şəhərin yaranmasının 1600 illiyinə həsr olunmuş yubiley tədbirləri başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yubiley tədbirlərinə Rialto adasındakı San Ciakomo kilsəsindəki dini ayinlə start verilib. Əfsanəyə əsasən, şəhərin yaranma tarixi 25 mart 421-ci ildə məhz bu adada əsası qoyulan kilsə ilə başlayır. Kilsənin bununla da gələcək şəhərin təməlinin 408-ci ildə vestqot tayfalarının sərkərdəsi Alarixin hücumlarından qaçıb laqunadakı adalarda gizlənən qaçqınlar tərəfindən qoyulduğu iddia olunur. Sonradan laqunada nisbətən yüksəkdə yerləşən Rialto adasının ətrafındakı adalar üzərində şəhərə çevrilən və orta əsrlərdə güclü dövlətlərdən biri olan Venesiyanın başlanğıc nöqtəsi həmin kilsə hesab olunur.
Şəhərin yaranmasına həsr olunmuş tədbirlər 2022-ci ilin mart ayına qədər davam edəcək.
Hər il milyonlarla turistin səfər etdiyi, UNESCO-nun mədəni irs siyahısına daxil etdiyi Venesiyada yubiley tədbirləri pandemiya ilə əlaqədar məhdud formatda start götürüb. Şəhərin meri Luici Bruqnaro isə şəhərin əvvəlki şan-şöhrətinin geri dönəcəyinə ümidvar olduğunu bildirib: “Buradan bir ümid mesajı göndərmək istəyirəm: Venesiya yaşayır, İtaliya yaşayır”.
Qeyd edək ki, İtaliya poçtu şəhərin yubiley münasibətilə 500 min tirajla xüsusi xatirə markaları buraxıb.