Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin bəyanatları ilə üst-üstə düşmür.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsi ətrafında yaranmış vəziyyəti şərh edən Rusiya xarici siyasət idarəsinin rəhbəri Moskvanın həmişə bu ölkədə sabitliyin bərqərar olmasında maraqlı olduğunu vurğulayıb.
Ermənistanın yeni rəhbərliyinin siyasətini tənqid edən S.Lavrov deyib: “Orada baş verənlər, o cümlədən MDB məkanında Ermənistanın iştirak etdiyi təşkilatların normal fəaliyyəti məsələləri nöqteyi-nəzərindən gedən proseslər bizi narahat etməyə bilməz”.
S.Lavrov deyib ki, son günlər Rusiya tərəfi bir neçə dəfə öz narahatlığını Ermənistan rəhbərliyinə çatdırıb. O, ümidvar olduğunu bildirib ki, vəziyyət “hər halda konstruktiv məcrada davam edəcək”.
Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, bu ilin mayında Ermənistanda baş verən siyasi böhran zamanı Moskvada məmnunluqla qeyd edirdilər ki, bütün siyasi partiyaların iştirakı ilə kompromis əldə olunub və ölkənin yeni rəhbərliyi milli həmrəyliyi möhkəmləndirməkdə davam edəcək. “Lakin son günlər baş verən hadisələr bu müsbət proqnozları açıq-aşkar yox edir və Ermənistanın yeni rəhbərliyinin öz sələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə bu yaxınlarda verdiyi bəyanatlara tamamilə ziddir”, - deyə S.Lavrov sözlərinə yekun vurub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.