Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefa bəyanatına reaksiya verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Vətənin xilası hərəkatı"nın liderlərindən biri, "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan Paşinyanın fəaliyyətini onkoloji xəstəliklə müqayisə edib. “Biz şişi götürə bilmədik, ancaq yayılmasının qarşısını ala bildik. Əks təqdirdə, Ermənistanın müxtəlif bölgələrində yeni ərazilərimizi itirmiş olardıq”, - deyə Saqatelyan bildirib.
O, baş nazirin növbədənkənar seçkilərin köməyi ilə xilas olmağa çalışdığını hesab edir. Saqatelyanın fikrincə, etiraz aksiyaları baş nazirin istefasından sonra da davam edəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“Yaxın günlərdə, aprel ayında mən vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər mən baş nazir vəzifələrini icra edəcəyəm”, - Paşinyan deyib.
Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.