ABŞ-ın “Apple” korporasiyası “OLED” panellərin tədarükünə dair müqavilənin pozulmasına görə “Samsung” şirkətinə cərimə ödəyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, sahə üzrə anonim icmalçıların bildirdiyinə görə, “Apple” şirkəti smartfonlar üçün tədarük edilən “OLED” panellərin alınmamasına görə “Samsung Display” korporasiyasına cərimə ödəyəcək. Şirkətlər arasında müqaviləyə görə, ABŞ IT nəhəngi müəyyən sayda “OLED” ekranların satın alınmasına görə üzərinə öhdəlik götürüb. Bu tələb yerinə yetirilmədiyi halda sifarişçi icraçıya cərimə ödəməlidir.
Məlumata görə, “Apple” şirkəti “iPhone 12 mini” smartfonunun istehsal tempinin azalması səbəbindən lazımi sayda komponent hissələr almaqdan imtina edib. Blogerlərin əvvəlki məlumatına görə, “Apple” şirkəti 2020-ci ilin ən ucuz qabaqcıl modelinin aşağı satış həcmindən məyus olub və qurğunu istehsaldan çıxarmağa hazırlaşır.
Problemlər, həmçinin “Samsung” tərəfindən tədarük edilən “OLED” panellərin 5,4 düym diaqonallı olması və “12 mini” modelindən başqa digər qurğularda istifadə edilə bilməməsi ilə əlaqədardır. Bundan başqa, “Apple” tərəfindən öhdəliklərin pozulmasına görə “Samsung Display” korporasiyasının “OLED” panellərinin tədarük həcmi bir ay ərzində 9 faiz azalıb.
Anonim mənbə jurnalistlərə deyib ki, “Apple” şirkətinin “Samsung Display” korporasiyasına cərimə ödəyəcəyi məlum deyil, lakin kontraktlar tarixçəsi və “iPhone 12 mini” modelinin pis satışları nəzərə alınsa, bu, inandırıcı görünür. Kompensasiyanın məbləği açıqlanmır.