“Google” şirkəti 2021-ci il ərzində ABŞ-da data mərkəzi və ofis şəbəkəsinin genişləndirilməsinə 7 milyard dollar ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici saytlara istinadla xəbər verir ki, şirkət Virciniya, Nebraska və Nevadada data mərkəzlərini genişləndirmək niyyətindədir. Papillion (Nebraska ştatı) və Hendersonda (Nevada ştatı) isə bir neçə ay əvvəl tikilən data mərkəzləri yenilənəcək.
Ofislərə gəldikdə, “Google” 2021-ci ildə onları dörd yeni yerdə açmağı planlaşdırır. Belə ki, Daremdə (Şimali Karolina ştatı) “Cloud” işləmə mərkəzinin, Sautheyvendə (Missisipi ştatı) “Google” əməliyyat mərkəzinin və Hyuston və Portlandda yeni ofislərin istifadəyə verilməsi nəzərdə tutulur.
İnvestisiyaların əksər hissəsi mövcud meydançaların genişləndirilməsinə yönəldiləcək. Şirkət Kaliforniyada iştirakın genişləndirilməsinə 1 milyard dollar yatıracaq və Atlanta, Vaşinqton, Çikaqo və Nyu-Yorkda minlərlə yeni iş yeri yaradacaq. Bundan başqa, Detroyt, Ann-Arbor, Kembric, Pittsburq, Ostin və digər şəhərlərdə az sayda əməkdaşlar işə qəbul ediləcək.
“Google” ümumilikdə 10 minədək yeni iş yerinin yaradılmasını proqnozlaşdırır. Bu ilin martına olan vəziyyətə görə, şirkətin ABŞ-da işçi heyətinin sayı 84 min nəfərdir.