Dünya avtomobil bazarının yarısından çoxu 2033-cü ildən sonra elektromobillərin payına düşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi NGV-yə istinadən xəbər verir ki, “Rystad Energy” enerji tədqiqatları və məsləhət mərkəzinin hesabatına görə, bu ilin sonunda dünya avtomobil bazarında elektrik maşınlarının payı 6,2 faiz, gələn il isə 7,7 faiz təşkil edəcək.
Yaxın illərdə elektromobillərin tətbiqi sahəsində birinciliyi əldə saxlayacağı gözlənilən Avropanın elektromobil satışlarındakı payı bu ildə 10 faizi, 2025-ci ilədək də 20 faizi ötəcək. Sonrakı yerlərdə Şimali Amerika və Asiya olacaq.
Həmçinin 2050-ci ilədək Afrikadan başqa bütün regionlarda elektromobillərin payının 100 faizə yaxınlaşacağı güman edilir.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, dünyada 2030-cu ilədək karbon qazı tullantılarının 40 faiz azaldılması hədəfinə çatmaq üçün sərnişin avtomobil vasitələri satışlarında elektrik maşınlarının payı 50 faizə çatdırılmalıdır.