Türkiyə Prezidenti təqaüddə olan bir qrup hərbçinin siyasi açıqlamasını zərərli cəhd kimi dəyərləndirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ankaradakı Prezident Administrasiyasında təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatı ilə əlaqədar toplantı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan toplantıdan sonra xalqa müraciət edib.
Türkiyənin xarici siyasətindəki uğurları xatırladan dövlət başçısı təəssüf hissi ilə bildirib ki, sözügedən bəyanata imza atan şəxslərdən heç biri digər məsələlərdə olduğu kimi, Qarabağdakı proseslərlə bağlı sərgilənən qətiyyətli mövqeyə dəstək verməyib. Əsassız mühakimələrlə milli və dövlətçilik maraqlarına xidmət edən layihələrə qarşı çıxmaq, ilk növbədə, Cümhuriyyətə və Atatürkə qarşı olmaqdır. Bütün dövrlərdə bu cür çağırışlara qarşı olan Türkiyə xalqı qətiyyətlə öz dövlətini müdafiə edib.
Hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdıran Prezident Ərdoğan vurğulayıb ki, ehtiyac yaranarsa, gələcəkdə bu müqavilədən daha səmərəlisinə nail olmaqdan çəkinməyəcəklər. Təqaüddə olan hərbiçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır.