Almaniyanın məşhur avtomobil konserni “BMW Group” yanvar-mart aylarında Çində ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 faiz çox - 229 min 748 avtomobil satıb. Bu, şirkətin Çində rüblük satışlarında rekord artımdır.
NUHÇIXAN İnformasiya Agentliyi “BMW Group”un açıqlamasına istinadla xəbər verir ki, ilin birinci rübündə dünyada “BMW”nin avtomobilləri (“BMW”, “MINI” və “Rolls-Royce” brendləri üzrə) ən çox Çində satılıb. Şirkət 3 ayda dünya üzrə 636 min avtomobil satıb ki, bunun üçdəbirindən çoxu, Asiyadakı satışın isə 80 faizi Çinin payına düşüb. Çində satılan avtomobillərin sayı bütün Avropadakından da çox olub. Almaniya şirkəti ilin birinci rübündə ABŞ-da 77 min avtomobil satıb.
Şirkətin ilk rübdəki istehsalı əvvəlki illə müqayisədə 33,5 faiz çoxalıb.
Qeyd edək ki, “BMW” 1994-cü ildə rəsmi olaraq Çin bazarına girəndən bəri satışları davamlı artır. Belə ki, 2004-cü ildə cəmi 8707 avtomobil satılmışdısa, ötən il bu rəqəm 777 mini ötüb. “BMW Group” keçən il Çin avtomobil satışı bazarının 3,11 faizinə malik olub.