Türkiyə Prezidenti: Pandemiya yalnız sağlamlığın deyil, həmrəyliyin və milli dəyərlərin də qiymətini artırdı
Gənclərimizin milli idman növlərinə maraqlarının artdığını görürük. Buna görə də ata-babalarımızdan bizə qalan idman növlərinin daha da təbliği istiqamətində səyləri dəstəkləməkdə qərarlıyıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Etnoidman Konfederasiyası (DEK) tərəfindən təşkil olunan IV Etnoidman Forumunun açılış mərasimindəki müraciətində bildirib.
Bu il “Ənənəvi İdmanın Gəncləşdirilməsi” mövzusunda keçirilən tədbir COVID-19 pandemiyası səbəbindən onlayn formatda təşkil olunur.
Dünyanın sağlamlıq uğrunda mübarizə apardığı bir dövrdə belə tədbirin keçirilməsinin təqdirəlayiq olduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan pandemiyanın yalnız sağlamlığın deyil, eyni zamanda həmrəyliyin, paylaşmanın və milli dəyərlərin də qiymətini artırdığını bildirib.
Forumun açılış mərasimində Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğan və Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu ilə yanaşı Qambiya, Qətər, Mali, Serbiya və Somalinin idman nazirləri, eləcə də 60-dan çox ölkənin dövlət və hökumət nümayəndələri iştirak ediblər.