Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaponiyanın “iSpace” kosmik şirkəti ilə birgə Aya lunoxod göndərilməsinə hazırlıq görür. Yapon şirkəti Yerin təbii peykinə göndəriləcək rover aparatını əvvəllər nəzərdə tutulan müddətdən iki il tez - 2022-ci ildə ABŞ-dakı kosmodroma transfer edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi Dubaydakı Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin mətbuata açıqlamasına istinadla xəbər verir ki, “Rəşid” lunoxodu NASA mütəxəssislərinin nəzarəti altında Əmirliklərdə istehsal ediləcək. Ayda tədqiqat aparacaq rover amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin “Falcon9” raketi vasitəsilə Floridadakı kosmodromdan Aya göndəriləcək. Lunoxodun Yerin təbii peykinin səthində yürüşünü də yapon şirkəti izləyəcək.
BƏƏ kosmos sahəsində iri layihələr həyata keçirir. 2019-cu ildə Baykonur kosmodromundan səkkiz günlük kosmik missiyanın uğurla nəticələnməsindən sonra ötən il Marsın orbitinə “Hope” kosmik zondu göndərilib və onun missiyası davam etməkdədir. Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum bildirib ki, BƏƏ Mars missiyası ilə yanaşı, Aya lunoxod göndərəcək birinci ərəb ölkəsi olacaq.