Ermənistanın “Razm.info” saytı ikinci Qarabağ müharibəsində öldürülmüş, lakin ölümləri qeydiyyata alınmamış hərbçilərin siyahısını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mətbu orqan 71 hərbçinin ad-soyadını, doğulduqları yerləri, hətta müharibə zamanı hansı istiqamətdə, ötən il ayın neçəsində öldürüldüklərini açıqlayıb.
Qeyd edilir ki, ölkənin rəsmi mənbələri hərbçilərin ölümləri barədə hələ də heç nə bildirmirlər. Hərçənd onlardan əksəriyyət bir neçə ay əvvəl dəfn edilib.
"Üçtərəfli bəyanatın imzalanmasından 5 aydan çox vaxt keçdi, ancaq rəsmi mənbələr müharibədə həlak olanların ümumi siyahısını dərc etmədi. Müxtəlif dövlət strukturları - Müdafiə Nazirliyi, Hərbi Qulluqçuların Sığortası Fondu və başqaları daim müxtəlif natamam siyahılar dərc edir, hansıların ki, içində təkrarlar, səhvlər var. Məmurlar tərəfindən və dövlət idarələrinin nümayəndələri tərəfindən təqdim edilən siyahılar bir-birinə ziddir, rəqəmlər ikimənalıdır və ya qeyri-müəyyən qısa fikirlərdən tez-tez istifadə olunur”, - deyə sayt vurğulayıb.
Mətbu orqan qeyd edib ki, bir qrup şəxsdən ibarət komanda artıq 5 aydır açıq mənbələrdən istifadə edərək həlak olanların vahid siyahısını yığmağa çalışır. Ölən hərbçilər barədə məlumatları onlara əsgər və zabitlərin qohumları verib. Beləliklə, sayt müharibə zamanı öldürülmüş daha 71 hərbçinin ad və soyadını dərc edib. Siyahıda əsgərlərlə yanaşı, leytenant, kapitan, hətta mayor rütbəli zabitlərin ad-soyadları var. “Razm.info” bir daha rəsmi mənbələrin bu hərbçilər barəsində hələ susduqlarını vurğulayıb.