Ermənistan istismar müddəti bitmiş “Metsamor” atom elektrik stansiyası (AES) ilə regional ekoloji mühiti təhlükə altında saxlamaqda davam edir. Bununla bağlı region dövlətləri, xüsusən də Azərbaycan və Türkiyə dəfələrlə həyəcan təbilini çalıb. Dünya mediasında da bu AES-in real təhlükəsi barədə əsaslandırılmış məqalələr dərc edilib. “National Geographic” kimi məşhur nəşrlərdə “Metsamor” - hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” başlıqlı məqalələr dərc olunub. Bütün bunlara baxmayaraq, Ermənistan “Metsamor”un timsalında hər an partlamağa hazır bomba kimi regionu təhdid etməkdə davam edir...
Radiasiya ilə çirklənən sular yeraltı sularla qarışır
Sözügedən stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 16 kilometr məsafədə - Ermənistanın yüksək seysmik bir ərazisində inşa edilib. Hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir. Çox da güclü olmayan bir zəlzələ ilə AES-ə ciddi zərər dəyə bilər. Bu isə Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radioaktivliklə nəticələnər.
Bundan başqa, AES-in idarəetməsi və tullantıların idarə olunması ilə bağlı yetəri qədər rəsmi məlumat yoxdur. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları 30 ilə yaxın işğal altında saxladığı və ötən il Azərbaycan Ordusu tərəfindən 44 günə azad edilən Azərbaycanın Dağlıq Qarabağ zonasında basdırıb. Bəzi etibarlı mənbələrə əsasən, həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantılar axıdılıb.
Sözsüz ki, bu vəziyyət Türkiyə üçün də ekoloji təhlükə yaradır. Türkiyəli mütəxəssislərin son təhlillərinə görə, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir. Bu da Türkiyənin İğdır vilayətində yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Təsadüfi deyil ki, artıq bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilir.
Ermənistan bəşəriyyət, eləcə də təbiət üçün təhlükə yaradır
Bütün bunları nəzərə alaraq, Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar bu AES-in bağlanması istiqamətində Ermənistana təzyiq göstərirlər.
Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatına diqqət edək - “Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. AES-in nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq standartlara uyğun olaraq yenilənməsinin mümkün olmadığı üçün bu addımlara zərurət var. Bu problemin həlli üçün tez bir zamanda yol xəritəsi və ya fəaliyyət planı qəbul edilməlidir".
Lakin bu kimi qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirmir və bəşəriyyət, eləcə də təbiət üçün təhlükə yaratmaqda davam edir.
Metsamor AES-in radioaktiv tullantıları Gürcüstanda satılır?
Ermənistan hətta bir qədər də irəli gedərək radioaktiv tullantıları qeyri-qanuni yollarla satışa çıxarır. Bir neçə gün əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kutaisi şəhərində üzə çıxardığı faktlar da bunu sübut edir. Fakta görə, “Americium-241” radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərdikləri üçün iki nəfər saxlanılıb. Onlar 300 min avroya radioaktiv maddə satmağı planlaşdırıbmış.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin zabitləri bundan əvvəl Gürcüstanın Kobuleti bölgəsində də radioaktiv maddələrin qanunsuz saxlanılması və satışı ilə əlaqədar, 2.8 milyon dollar məbləğində uran satmaq istəyən iki nəfəri saxlayıb. Həmçinin, Ermənistan vətəndaşı M.Militos Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən toriumun Gürcüstan ərazisindən Rusiyaya nəql edilməsinə çalışarkən tutulub. O, Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlo keçid məntəqəsində saxlanılıb və radioaktiv maddələrin qanunsuz saxlanmasında və gömrük qaydalarının pozulmasında ittiham olunur.
Təhlükəsizlik Xidmətinin məlumatında, həmçinin xatırladılır ki, 2016-cı ilin aprel ayında Tbilisidə 6 nəfər uran-238 radioaktiv maddəni satmağa çalışarkən tutulub. Həmin ay Gürcüstanın dövlət təhlükəsizlik işçiləri radioaktiv uran satmağa çalışarkən daha beş cinayətkarı saxlayıb.
Rəsmi mənbəyə görə, Gürcüstanda ələ keçirilən bütün nüvə materiallarının ekspertizası onların hamısının Ermənistana məxsus olduğunu göstərib. Bu isə o deməkdir ki, radioaktiv materialların və radioaktiv tullantıların sızması və qanunsuz istifadəsi Ermənistan üçün adi hala çevrilib. Və ən təhlükəlisi odur ki, bütün bu qanunsuzluqların arxasında hakimiyyət özü dayanır.
Ermənistan tərəfi “Metsamor” AES-də nüvə materialları və radioaktiv tullantılarla işin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) "tam nəzarəti altında" olduğunu iddia etsə də nəticə göz önündədir. Belə nəzarət varsa, bu qədər radioaktiv material Gürcüstana necə gedib çıxır? Hər halda, düşündürücü sualdır.
Odur ki, bu məsələyə BAEA özü də bir aydınlıq gətirməlidir. Ermənistanın özünə qalsa, bu AES-in istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir. Stansiyanın baş direktoru Movses Vardanyanın açıqlamasına görə, guya 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.
Qeyd edək ki, hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib.
“Metsamor”dan qurtuluş yolu
Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair hesabatda (2020) göstərilir ki, bu AES-in aktiv bir reaktoru vasitəsilə hazırda Ermənistanın ümumi elektrik enerjisinin 27,8 faizi təmin edilir. Ölkədə istehsal olunan elektrik enerjisinin yerdə qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal edilən təbii qazdan əldə olunur.
Ötən ilin mart ayında Avropa Komissiyasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı Siyasəti” sənədində enerji siyasəti və atom enerjisi ilə bağlı tövsiyələr təqdim olunub. Orada yanacaq təchizatının şaxələndirilməsinin, xüsusən də bərpa olunan enerji mənbələri hesabına aparılmasının zəruriliyi vurğulanır. Ermənistanın da kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq, məsələn, Sevan gölü ümumi istehlakın təxminən 80 faizini ödəyir, enerji mənbəyi olaraq atom enerjisi çox rahatlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim kimi, qonşu Rusiya və İrandan idxal olunan qaz həçminin payının artırılmasını təklif etmək olar.
Elgün Mənsimov