Şanxayda beynəlxalq avtomobil sərgisi açılıb - FOTOLAR
Çinin maliyyə mərkəzi olan Şanxay şəhərində “Auto Shanghai 2021” beynəlxalq avtomobil sərgisi işə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iki ildən bir keçirilən sərgi dünyada avtomobil və ona aid mövzular üzrə ən böyük tədbirlərdən biri hesab olunur. Çində ilk peşəkar beynəlxalq avtomobil sərgisi olan “Auto Shanghai” 1985-ci ildən bəri ənənəvi qaydada təşkil edilir.
Ümumi ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgidə dünyanın tanınmış avtomobil istehsalçıları da daxil olmaqla 20 ölkədən təxminən 1000 şirkət iştirak edir. Sərginin gedişində 1500 avtomobil, o cümlədən ictimaiyyətə ilk dəfə təqdim edilən 50 yeni model nümayiş olunur.
Tədbiri minədək yerli və əcnəbi jurnalist işıqlandırır.
Qeyd edək ki, dünyanın ən böyük avtomobil bazarı olan Çində ötən ilin yazında COVID-19 böhranı nəzarət altına alınandan sonra iqtisadiyyatın bərpası fonunda avtomobil satışları da dirçəlib. Təsadüfi deyil ki, “Mercedes-Benz”, “BMW” və “Audi” kimi tanınmış avtomobil istehsalçılarının ötən ilki satışlarının təxminən üçdəbiri Çində reallaşıb.