Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyillilik və bu səbəbdən müxtəlif cinayət hadisələrinin baş verməsi halları artıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan ordusunun hərbi qulluqçusu Baris Abalyanın sərxoş vəziyyətdə mülki şəxsi vurması barədə polis idarəsinə məlumat verilib. O, hadisə yerindən qaçmaq istəyərkən idarəetməni itirib və nəticədə avtomobil divara çırpılıb.
Qəzanı törədən şəxsin hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra hərbi polisə də məlumat verilib. Müxtəlif bədən xəsarətləri alan B.Abalyan xəstəxanaya yerləşdirilib. Mülki şəxsin sağlamlığı ilə bağlı hələ heç bir məlumat yoxdur.
Hadisəni ört-basdır etməyə çalışan hərbi hissə komandanlığı xəsarət alan mülki şəxsin şikayət etməməsi üçün onun yaxınları ilə danışıqlar aparır. Faktla bağlı araşdırmalar davam etdirilir.