Ukrayna Prezidenti Vladimir Zelenski 13 ölkə vətəndaşına qarşı qaçaqmalçılığa görə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Prezident Ofisinin saytına istinadla xəbər verir ki, bu barədə qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sonuncu iclasında qəbul edilib. Fərman Ukrayna Prezidenti Ofisinin rəsmi saytında aprelin 21-də dərc edildiyindən həmin gündən qüvvəyə minib.
Sanksiya tətbiq edilən Ukrayna vətəndaşları arasında tanınmış erməni əsilli iş adamı Tiqran Melkonyan da var. O, Odessadan olan iş adamıdır. Onun rəhbəri olduğu “Skaylayn” şirkəti barədə hələ 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşımasına görə cinayət işi açılıb. Bir neçə il ərzində Tiqran Melkonyan qaçaqmalçılıq cinayəti üzrə təqib olunub.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün öncə tanınmış erməni əsilli iş adamı Araik Amirxanyanın da Ukrayna vətəndaşlığını ləğv edən fərman imzalamışdı. Araik Amirxanyan korrupsiya və qaçaqmalçılıq qalmaqalında günahlandırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.