Ermənistan ordusunda mövcud olan neqativ hallar, qanunsuzluqlar səbəbindən bu il hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin sayının artması əsgər valideynləri arasında ciddi narazılıqlara səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda eyni gündə Ermənistan ordusunun daha iki əsgərinin “dedovşina"nın qurbanı olduğu bildirilib. Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə yenicə başlayan gənc əsgərlər Samvel Saakyan və Aleksey Qabrielyanın daha çox xidmət edən hərbi qulluqçular tərəfindən dəfələrlə döyüldükləri faktı ortaya çıxıb. A.Qabrielyan daha amansızlıqla döyülərək ağır bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməyə məcbur qaldıqdan sonra hərbi hissə komandiri hərbi polisə məlumat verib.
Lakin yenidən fiziki və mənəvi işgəncələrə məruz qalacaqlarından qorxan S.Saakyan və A.Qabrielyan kimlər tərəfindən döyüldüklərini deməkdən və şikayət etməkdən boyun qaçırıblar.
Faktla bağlı rəsmi məlumat verilməsə də, hərbi polis tərəfindən araşdırmalar davam etdirilir.