Bayraktar Akıncı ilk atış sınağını uğurla tamamlayıb - VİDEO
Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan Bayraktar Akıncı İnsansız Hava Vasitəsi (TİHA) bu gün ilk atış sınağını uğurla tamamlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə şirkətin texniki direktoru Selçuk Bayraktar rəsmi “Twitter” səhifəsində bildirib.
Məlumatda bildirilir ki, daha əvvəl bir çox testi müvəffəqiyyətlə tamamlayan Türkiyənin ilk insansız hava hücum vasitəsi “Bayraktar Akıncı” ilk atış testi üçün Türkiyənin milli raket sistemləri istehsalçısı “ROKETSAN” tərəfindən milli imkanlarla hazırlanan “MAM-C”, “MAM-L” və ilk dəfə istifadə olunan “MAM-T” yeni nəsil sursatları ilə işə salınıb. Sursatlı uçuş testi kampaniyasının ilk uçuşu “Akıncı PT-3” ilə aprelin 17-də baş tutub. Aprelin 21-də ikinci uçuş, 22-də isə ilk atışlar həyata keçirilib.
Bu il ərzində ilk istehsal olunan vasitələrin sifarişçiyə çatdırılmasını planlaşdıran “Bayraktar Akıncı TİHA” layihəsi çərçivəsində kütləvi istehsal başladılıb. Kütləvi istehsal modelinin ilk təyyarəsi olan və inteqrasiyası tamamlanan “Bayraktar Akıncı S-1” isə ötən günlərdə test fəaliyyətlərinin icrası üçün Türkiyənin “Çorlu” vilayətinə köçürülüb. Kütləvi istehsal modellərinin inteqrasiya işləri “Baykar Milli S/İHA AR-GE” və İstehsalat Mərkəzində davam etdirilir.